2013-cü ilin iyul ayı Moskva.
Moskvanın küçələrində addımlayırdım. Amma ürəyim nə Moskvada deyildi, nədə onun gözəllərində…
Ürəyim düşmən əlində sızlayır Qarabağda idi. Xocalıda idi. Şuşada, Laçında, Kəlbəcərdə idi…
Rusiyada yaşayan dəyərli soydaşlarımız, Azərbaycan diasporunun ünlü simalarindan Tahir bəy Hacıyevin və Qalib bəy Ağayevin dəvəti ilə Avropada fəaliyyət göstərən “Azərbaycanın Dostları” Cəmiyyətinin nümayəndələri ilə birlikdə on günlük Moskvaya səfərə çıxmışdıq.
Bu, nə turist səfəri idi, nə də adi bir ezamiyyət…
Bu, şəhidlərimizin ruhu qarşısında vicdan borcumuzu ödəməyə çalışdığımız bir yolçuluq idi.
Tahir bəy Hacıyev və Qalib bəy Ağayev bizə hər çür şərait yaradılmışdır və bizi Rusiyanın ziyalıları ilə yüksək səviyyədə görüşlərimizi təşkil edirdilər.
Universitetlərdə professorlar, müəllimlər, tələbələr qarşısında çıxış edirdik. Qarabağdan danışırdıq… Xocalıdan danışırdıq…
Yurd-yuvasından didərgin salınmış yüz minlərlə insanın acı taleyindən danışırdıq…
Hər çıxışımda əvvəlcə Azərbaycan xalqının tarix boyu rus xalqına göstərdiyi dostluq və xeyirxahlıqdan, vəfadan danışırdım. Sonra isə səsim titrəyə-titrəyə Qarabağda, Xocalıda, Bakıda və Azərbaycanın müxtəlif bölgələrində ruslar ermənilərlə birgə xalqımıza qarşı törətdikləri dəhşətli cinayətləri xatırladırdım...
Danışdıqca zala ağır bir sükut çökürdü…
Bəzilərinin gözləri dolurdu. Bəziləri başını aşağı salırdı. Çünki onların çoxu bu həqiqətləri ilk dəfə eşidirdi. Onlara illərlə başqa tarix, yalan uydurmalar danışılmışdı...
Rəsmi görüşlər bitəndən sonra isə insanlar bizi buraxmırdı. Saatlarla suallar verirdilər. Həqiqəti bilmək istəyirdilər.
Məhz o gün bir həqiqəti bütün varlığımla hiss etdim…
Dünyada Azərbaycanı özümüzdən yaxşı müdafiə edəcək heç kim yoxdur.
Əgər biz danışmasaq, bizim əvəzimizə erməni yalanları danışılacaq...
Əgər biz öz həqiqi tariximizi özünüz yazmasaq, tariximizi başqaları öz istədikləri kimi yazacaqlar...
Əgər biz susacağıqsa, sabah övladlarımız həqiqəti deyil, yalanı oxuyacaqlar.
Ona görə də hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, Vətəninin səfiri olmalıdır.
Diplomat olmaq üçün vəzifə lazım deyil. Bunun üçün Vətən sevgisi, vicdan və tarixini mükəmməl bilmək, eləcə də birneçə dildə danışmağı bacarmaq lazımdır.
Millətin yaddaşı onun ən böyük qalasıdır.
Yaddaşını itirən millət əvvəl -axır torpağını da itirə bilər...
Bəzən bir həqiqəti vaxtında söylənən bir cümlə, illərlə susan min nəfərdən daha güclü olur.
Azərbaycan əsgəri Vətəndə nəm səngərlərdə Vətənin keşiyində durur, biz qürbətçilər isə Vətənin həqiqətlərini yorulmadan bütün dünyada danışmalıyıq.
Vətən sevgisi dilində deyil əməli fəaliyyətlərdə olur.







0 Yorumlar