Hələ də bir çox suallara cavab tapmaqda çətinlik çəkirəm...
Bu suallardan biri isə məni xüsusilə düşündürür:..
Biz nədən yalnız müharibə başlayanda millətçi oluruq?
Niyə Vətən sevgimiz yalnız top səsləri eşidiləndə, səfərbərlik elan olunanda, şəhid tabutları çiyinlərdə gələndə və bayraqlar meydanlara çıxarılanda yada düşür?
Niyə sülh günlərində millətin dərdləri haqqında danışanda, yetim haqqı yeyiləndə, haqsızlığa etiraz edəndə, korrupsiyaya, monopoliya və sosial ədalətsizliyə qarşı çıxanda həmin gurultulu “millətçilik” birdən-birə susur?
Qazi ehtiyac içində yaşayır, çıxılmaz vəziyyətə düşür, özünü yandırır, intihara baş vurur, qadasın aldığım - millətçilik susur.
Vətənin gələcəyini düşünən aydınlar, jurnalistlər, ziyalılar və ictimai fəallar öz fikirlərinə görə təqib, təzyiq görür, həbs edilir və ya susmağa məcbur edilir - millətçilik susur.
Ölkənin iqtisadi imkanları bir ovuc imtiyazlı məmur-oliqarxlar əlində cəmləşib, kəndlnin torpağını dəyər-dəyməzə əlindən alınıb, özlərini isə qul kimi səhərdən axşamacan işlədib əlinə qəpik-qruş verirlər, kəndli adicə öz həyətyanı sahəsindən belə qazanc əldə edə bilmir, gənclər iş və gələcək ümidləri ilə ölkəni sürətlə tərk edirlər - millətçilik susur.
Monopoliya və inhisarçılıq vətəndaşın nəfəsini kəsir, sahibkarın azad fəaliyyət göstərməsinə imkan verilmir, gömrük illərdi azad biznesə imkan vermir - millətçilik susur.
Haqqını tələb edən vətəndaşın dərdini deməyə yeri yox, fəryadı eşidilmir, etiraz edənlərə qarşı sərt münasibət göstərilir - millətçilik susur.
“Tərtər işi” kimi tariximizin ən ağrılı səhifələrindən biri yaddaşımıza qara ləkə kimi həkk olunur, zərərçəkənlərin ədalət və həqiqət gözləntisi nəticəsiz davam edir - millətçilik susur.
Qürbətdə də qürbətçilərimizə münasibət ürəkaçan deyil...
İllərini, ömrünü Azərbaycanın və Qarabağın azadlığına həsr etmiş, dünyanın müxtəlif ölkələrində Vətənin haqq səsini dünyaya çatdırmış və bu yolda mübarizə aparmış qürbətçilərimizin əksəriyyəti diqqətdən kənarda qalır - millətçilik susur.
Bunun əksinə isə Azərbaycanı xaricdə layiqincə təmsil etməyən, sadəcə bəlli bölgələrdən olduqları üçün müxtəlif dövlət tədbirlərində ön sıralarda görünür, dövlət hesabına təşkil olunan səfərlərə və tədbirlərə dəvət olunur, heç bir həqiqi fəaliyəti olmayanlar dövlətin hesabına ildə birneçə dəfə Azərbaycanı səyyahət edir - millətçilik yenə susur.
Amma müharibə başlayanda… Hə... Birdən-birə hamımız millətçi oluruq. Bayraqlar açılır, şüarlar səslənir. Sosial şəbəkələr Vətən sevgisi ilə dolub-daşır. Hamı “Vətən!” deyə hayqırır.
Əlbəttə, Vətən sevgisi müqəddəsdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.Qazilərimizin qarşısında baş əyirik.
Ordumuzla, Ali Baş komandanımızla fəxr edirik.
Amma bir həqiqəti də deməliyik:
Vətən yalnız müharibə zamanı Vətən deyil! Vətən müharibədən sonra da Vətəndir.
Vətən qazinin yaşadığı evdir.
Vətən şəhid ailəsinin gündəlik qayğılarıdır.
Vətən kimsəsiz və kasıb uşaqların məktəbidir.
Vətən gənclərimizin gələcəyidir.
Vətən kəndlinin torpağıdır.
Vətən bir qarın yemək üçün əməkhaqqını vaxtlnda belə ala bilməyən fəhlənin bir loxma çörəyidir.
Vətən əməyinə qiymət verilməyən, minbir bəhanə ilə pensiya yaşına çatmamış məktəbdən uzaqlaşdırılan zavallı müəllimlərdir.
Vətən müəllimin aldığı o cüzi maaşdır.
Vətən səhiyyə sistemi və həkimin vicdanıdır.
Vətən haqqını tələb edən vətəndaşdır.
Vətən xaricdə Azərbaycanın adını qoruyan ucaldan qürbətçilərdir.
Vətən bizim hər gün yaşadığımız həyatdır.
Ona görə də mən bir sual vermək istəyirəm:
Əgər biz doğrudan da Vətəni seviriksə, niyə Vətənin vətəndaşına qarşı baş verən haqsızlıqlara susuruq?
Əgər biz millətçiyiksə, niyə millətin dərdləri bizi yalnız müharibə zamanı narahat edir?
Əgər biz Vətənpərvəriksə, niyə qazinin fəryadını eşitmirik?
Niyə yoxsulluq içində yaşayan ailələrin dərdinə göz yumuruq?
Niyə ölkədən getməyə məcbur edilmiş istedadlı gənclərin Vətəndən gediş səbəbləri ilə maraqlanmırıq?
Niyə azad fikir söyləyən insanın səsini boğmağa çalışanlara etiraz etmirik?
Niyə dövlətin sərvətinin xalqa ədalətli şəkildə çatmasını tələb etmirik?
Niyə qanunun hamı üçün eyni yanaşmasını və qanun mexanizminin işləməsini istəmirik?
Bəlkə də biz millətçiliyi çox yanlış başa düşürük...
Çünki əsl millətçilik yalnız düşmənə qarşı səngərdə dayanmaq deyil. Əsl millətçilik öz millətinin içindəki haqsızlığa qarşı da dayanmaqdır. Əsl millətçilik Vətəni idarə edənlərə “nə qədər ədalətlisiniz” deyərək yaltaqlıq və yalaqlıq etmək deyil.
Əsl millətçilik lazım gələndə “bu, doğru deyil, dur!" deməkdir. Əsl millətçilik hakimiyyəti kor-koranə alqışlamaq, yaltaqlanmaq deyil.
Əsl millətçilik hakimiyyətdən hesabat və məsuliyyət tələb etməkdir.
Çünki dövlət xalqındır. Vəzifə xalqa xidmət etmək üçündür.
Vergi xalqın cibindən çıxır, dövlətin isə sərvəti xalqın sərvətidir. Və heç bir məmur, heç bir oliqarx, heç bir vəzifəli şəxs özünü dövlətin sahibi hesab etməməlidir.
Dövlət xalqın başının üstündə yumruq deyil, xalqın xidmətində durandır. Əsil millətçilik də məhz buradan başlayır.
Əsl millətçi ölkəsinin sərvətinin talanmasına susmaz.Əsl millətçi qazinin haqqının tapdanmasına dözməz. Əsl millətçi Vətənin övladlarının gələcəyinə biganə qalmaz.
Əsl millətçi korrupsioneri, dövlərin sərvətini talayan məmuru “bizim adamdır, yerlimimizdi, bizim tayfadandandır” deyə müdafiə etməz.
Əsl millətçi qanunsuzluğu “Vətən naminə” adı altında ört-basdır etməz. Əsl millətçi həqiqəti söyləməkdən qorxub çəkinməz.
Çünki Vətəni sevmək Vətəni idarə edən hər bir məmuru sevmək demək deyil. Dövlətə sədaqət başqa şeydir, vəzifəli şəxsə sədaqət isə başqa.
Vətənə bağlılıq başqa şeydir, hakimiyyətə kor-koranə bağlılıq isə başqa. Millətçilik başqa şeydir, siyasi itaətkarlıq başqa. Bunları bir-birinə qarışdırmaq olmaz.
Biz artıq anlamalıyıq ki, millətçilik yalnız şəhid olmaqla ölçülmür. Millətçilik həm də şəhid verməyəcək, vətəndaşlarının əminamanlıq, ədalətli və sülh içində dinc yaşaya biləcək bir ölkə qurmaq məsuliyyətidir.
Qazinin yarasına məlhəm olmaqdır. Şəhid ailəsinin dərdinə şərik çıxmaqdır. Uşağın gələcəyini düşünmək, qurnaq və qorumaqdır.
Əsil Vətənpərvərlik Gəncəliyə, Bakılıya, Şuşalıya, İrəvanlıya, Şəkiliyə, Naxçıvanlıya, Lənkəranlıya, Səlyanlıya, Qazaxlıya, bir sözlə Şirvanlıya, Muğanlıya, Qarabağlıya və bütün Azərbaycanın bölgələrinə eyni gözlə baxmaqdır.
Vətənpərvərlik bütün hakimiyyətin yüksək eşalonunda, elm və təhsil ocaqlarında, evlər idarələrindən tutmuş nazirliklərə kimi yalnız Naxçıvanlıların və Ermənistanlıların təmsil olunmasından ibarət deyil!
Bölgəçilik və tayfaçılıq yalmız ibtidai icma quruluşunun, ibtidai insan zehniyyətinin məhsuludur. Belə zehniyyətin Vətənpərvərliklə və millətçiliklə heç bir əlaqəsi yoxdur!
Vətənpərvərlik və millətçilik kəndlinin torpağını, fəhlənin əməyini, müəllimin zəhmətini, həkimin vicdanını qorumaqdır.
Əsl millətçilik Vətəni yalnız düşməndən qorumaq deyil. Vətəni daxildəki ədalətsizlikdən, qruplaşmalardan, cinayətkarlardan və rüşvətxorlardan da qorumaqdır.
Vətəni korrupsiyadan qorumaqdır.
Vətəni monopoliyadan qorumaqdır.
Vətəni cəhalətdən qorumaqdır.
Vətəni qorxu və laqeydlikdən qorumaqdır.
Çünki düşmənlə mübarizə aparmaq üçün güclü ordu lazımdır. Amma güclü dövlət qurmaq üçün ədalətli qanun, azad düşüncə, vicdanlı idarəçilik və ləyaqətli vətəndaş lazımdır.
Əgər bunlar yoxdursa, yalnız bayraq yelləməklə, ozünə dəbdəbəli ləqəblər götürüb müxtəlif işarələr göstərin yalandan pafoslu şüarlar bağırmaq millətçilik deyil.
Ona görə də gəlin özümüzə bir daha sual verək:
Biz həqiqətən millətçiyik, yoxsa yalnız müharibə başlayanda millətçi oluruq?
Əgər yalnız müharibə zamanı millətçi oluruqsa, onda çox acı bir nəticə ortaya çıxır:
Sanki bu zavallı millət yalnız şəhid olmaq üçün doğulub.
Halbuki Vətən yalnız ölmək üçün deyil. Vətən həm də azad, firavan, təhlükəsiz, fikir və düşüncə azadlığında dinc yaşamaq üçündür.
Ləyaqətlə yaşamaq.
Azad yaşamaq.
Ədalətli yaşamaq.
Övladının gələcəyindən qorxmadan yaşamaq.
Əməyinin bəhrəsini görərərək yaşamaq.
Qanunun qarşısında bərabər yaşamaq.
Və ən əsası, öz Vətənində özünü qərib kimi deyil, bu Vətənin sahibi kimi hiss edərək yaşamaqdır.
Bəlkə artıq papağımızı qabağımıza qoyub düşünməyin vaxtıdır…
Əlbəttə, əgər papağımız varsa.
Çünki həqiqi millətçilik şüarlarda deyil.
Əsil millətçilik Vətəndaşın Vətənə olan münasibətində görünür...
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru



0 Yorumlar