"Ümummilli lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı kimi formalaşmasında tarixi rol oynayıb. Məhz həmin Qanunun qəbulundan sonra vəkillik institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb".


Bmt.info xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurumun Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində deyib.


Sədr Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının, eləcə də 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklərin vəkillik institutunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb:


"Həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirilir və yeni zirvələrə doğru yüksəldilir".


"2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Kollegiya üzvlüyünə qəbul olunub.


Bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək Vəkillər Kollegiyasının sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir. Yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakıda fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir", - deyə sədr əlavə edib.