14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında köklü dönüşün əsasını qoydu. Qısa müddət ərzində həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verdi. Yeni sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı modernləşdirildi, elm və təhsil sahələrinə xüsusi diqqət ayrıldı, milli kadr hazırlığı prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan keçmiş ittifaqın ən dinamik inkişaf edən respublikalarından biri kimi tanınmağa başladı. Heydər Əliyevin uzaqgörən siyasəti yalnız həmin dövrün uğurlarını təmin etmədi, həm də gələcək müstəqil Azərbaycanın möhkəm iqtisadi, intellektual və dövlətçilik təməlini formalaşdırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni dərin böhrandan çıxararaq sabitlik və inkişaf yoluna çıxardı. Bu siyasi kurs bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan öz suverenliyini daha da möhkəmləndirərək beynəlxalq aləmdə nüfuzunu və mövqeyini durmadan gücləndirir.
İlham Rəsulzadə



0 Yorumlar