Fuad Əliyev, Azreform.info-ya açıqlamasında bildirib:

"ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə qərarını müsbət qiymətləndirirəm. Bu, Vaşinqtonun regionda formalaşmış yeni reallıqları nəzərə aldığını göstərir.

Lakin hesab edirəm ki, məsələ yalnız düzəlişin növbəti dəfə dayandırılması ilə məhdudlaşmamalıdır. 907-ci düzəliş artıq siyasi və hüquqi baxımdan öz aktuallığını itirib. Bu sənəd 30 ildən artıq əvvəl tamamilə fərqli şəraitdə qəbul olunub.

Bu gün həmin düzəlişin qəbuluna səbəb kimi göstərilən arqumentlər mövcud deyil. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur, tərəflər arasında sülh gündəliyi müzakirə olunur. Eyni zamanda, vaxtilə istinad edilən qondarma “Dağlıq Qarabağ” anlayışı da artıq siyasi və hüquqi reallıq kimi mövcud deyil. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.

Məhz buna görə də ABŞ Konqresi 907-ci düzəlişin növbəti dəfə dayandırılmasını deyil, onun tamamilə ləğv edilməsini nəzərdən keçirməlidir. Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır və ikitərəfli münasibətlər keçmişin köhnəlmiş siyasi yanaşmaları üzərində deyil, bugünkü reallıqlar və qarşılıqlı maraqlar əsasında inkişaf etməlidir."