“Qrim üzrə rəssamların yanında köməkçi kimi işlədiyim filmlər çox olub. İlk filmlərimdən “Yeddi oğul istərəm”, “Axrıncı aşırım”ın adlarını çəkə bilərəm. Amma tək qrim üzrə rəssam olduğum film “Tütək səsi” filmi olub. O zaman cavan idim, 24 yaşım olardı. Qrim üzrə peşəkar rəssamlar çox olsa da, Rasim Ocaqov məni seçdi. Öhdəsindən də gəldim və beləcə, başladıq. Bu filmdən sonra təkliflər çoxaldı, nisbətən tanınmağa başladım. Arif Babayev, Həsən Seyidbəyli, Eldar Quliyev kimi korifey sənətkarlar mənimlə işləməyə başladılar” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, qrim rəssamı Elbrus Vahidovun yubileyidir, 75 yaşı tamam olur.


Elbrus Vahidov 5 iyun 1951-ci ildə Ağdaşda dünyaya göz açıb.

Uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərib, pionerlər evinə gedərək orada rəsm sənəti ilə daha yaxından tanış olub. 

Orta məktəb illərindən sonra sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verib. Amma qəbul ola bilməyib. Bir müddət “Azərbaycanfilm” kinsostudiyasında çalışıb.

E.Vahidov deyir ki, məktəbi bitirdikdən sonra sənədlərimi Əzim Əzimzadə adına məktəbə verdim, rəssamlıq üzrə təhsil almaq istəyirdim: “Məncə, kifayət qədər yaxşı rəsmlər çəkirdim. Orada üç imtahan olur, onların üçündən də uğurla keçdim: iki 5, bir 4 aldım. Sonuncu imtahan imla yazmaqla bağlı idi, bircə o imtahandan kəsildim, 2 aldım. Beləliklə, istədiyim ixtisas üzrə təhsil ala bilmədim. Ondan sonra nə edəcəyim barədə bir xeyli düşündüm. O vaxt bir qonşum var idi: Telman müəllim. Kinostudiyada işləyirdi, qrim rəssamı idi. Günlərin bir günü məni özü ilə kinostudiyaya apardı, dedi, bir az işlə, təcrübə topla, sonrasına baxarıq. Gəldik, o vaxt Adil İsgəndərov kinostudiyanın direktoru idi. Adil müəllim məndən hansı sənət üzrə çalışmaq istədiyimi soruşdu, mən də dedim ki, rəssamların yanında işləmək istəyirəm. Amma rəssamların yanında yer olmadı, əvəzində elə Telman müəllimin yanında – qrim rəssamlarının yanında yer oldu, orada işləməyə başladım. Zamanla hiss elədim ki, bu sənəti sevməyə başlayıram, xoşuma gəlməyə başlayır. O vaxt da kinostudiyada nə qədər peşəkar adamlar var idi. Gözümün qabağında adamları elə formada qrim edirdilər ki, təəccüb edirdim. Beləcə, mən artıq orada qalmağı, bu sahədə işləməyi qərara aldım”.

Kinostudiyada qrim rəssamı kimi çalışan gənc tədricən sənətini püxtələşdirib, işinə sadiqliyi, məsuliyyəti sayəsində qrim ustası kimi tanınıb, məşhurlaşıb. 40-a qədər filmdə - “Tütək səsi”, “Firəngiz”, “Xoşbəxtlik qayğıları”, “Ad günü”, “Dantenin yubileyi”, “İstintaq”, “Bizi bağışlayın”, “Üzeyir ömrü”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “İşarəni dənizdən gözləyin”, “Qətldən yeddi gün sonra”, “Kənar adamlar”, “Fəryad”, “Yük”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Cavid ömrü”, “Qala”, “Sübhün səfiri”, “Çölçü” və s. qrim üzrə rəssam olub. Qeyd edək ki, qrim rəssamlarının kinodakı rolu böyükdür. Ekran personajlarının psixologiyasına uyğun olaraq dəqiq qrimlənməsi obrazların həyat mövqeyinin tanıdılmasına zəmin yaradır ki, bunda da məhz qrim rəssamlarının başlıca rol oynayır. Rəssam deyir ki, bu sənət elə bir sənətdir ki, rəssamlıqdan anlayışın olmalıdır, həmçinin tarixdən də müəyyən bilgiyə sahib olmalısan: “Çünki obrazı yaradanda onun tarixi keçmişi barədə məlumatının olması lazımdır. Bir sözlə, bu sənətin adamının hərtərəfli olmasının faydası çoxdur. Yəni biz “qrim üzrə rəssam” deyirik, bu ad özü çox şey deməkdir. Ssenari oxunandan sonra qrim üzrə rəssam oturub obraz barədə düşünür, öz beynində onu canlandırır. Obraz bir bəy də ola bilər, xan da, oğru da, başkəsən də. Qrim üzrə rəssamın fantaziyası olmalıdır, bunların hamısını görməlidir, görə bilməsi vacibdir”.


Azərbaycan Kinematoqrafçılar İttifaqı adından sevərək baxdığımız filmlərin əksəriyyətində qrim rəssamı kimi fəaliyyət göstərmiş

Elbrus Vahidovu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı və yeni nailiyyətlər arzulayırıq!