Bəzən məhkəmədə haqlı olmaq kifayət etmir. Əlinizdə güclü sübutlar və hüquqi əsaslar olsa belə, vaxtında mövqe bildirməmək və passiv davranmaq iddianızın rədd edilməsi ilə nəticələnə bilər.
Hüquqda susmaq təkcə cavab verməmək anlamına gəlmir. Müəyyən hallarda susmaq razılıq əlaməti kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.4-cü maddəsinə əsasən, qanunvericilikdə və ya tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda susmaq əqdi bağlamaq iradəsinin ifadəsi hesab edilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 18 may 2026-cı il tarixli qərardadında da bu məsələyə xüsusi yanaşma sərgilənib. Qərardada əsasən, şəxs lazımi qaydada məlumatlandırıldığı halda məhkəməyə gəlmirsə, ona qarşı verilmiş iddiaya etiraz etmirsə və ya çıxarılmış məhkəmə aktından şikayət vermirsə, bu davranış onun mübahisə predmetinə real marağının olmaması kimi qiymətləndirilə bilər. Başqa sözlə, passivlik özü hüquqi baxımdan dəlilə çevrilə bilər.
Bu prinsip yalnız Azərbaycan hüququna aid deyil. Beynəlxalq hüquqda bu yanaşma “acquiescence” - yəni susaraq razılaşma prinsipi kimi tanınır. Beynəlxalq Ədalət Məhkəməsi “Temple of Preah Vihear” işi üzrə qərarında qeyd edib ki, bir dövlət digər dövlətin iddiasına uzun müddət etiraz etmirsə, bu, həmin iddianın qəbul edilməsi kimi şərh oluna bilər.
Qərarda yer alan məşhur sitatda deyilir: “Silence in circumstances where protest was necessary may signify acquiescence”. Yəni etirazın zəruri olduğu hallarda susmaq razılıq və qəbul kimi qiymətləndirilə bilər.
Mənim fikrincə, hüquqlar təhlükə altındadırsa, susmaq yox, vaxtında və hüquqi qaydada reaksiya vermək vacibdir.
“Məhkəmə bildirişlərini adi məktub kimi deyil, hüquqi xəbərdarlıq kimi qəbul edin. Əleyhinizə çıxarılmış qərara etiraz etmədiyiniz hər gün hüquq sistemi bunu razılıq kimi dəyərləndirə bilər. Unutmayın ki, haqlı olmaq kifayət deyil, haqlılığınızı vaxtında və düzgün formada müdafiə etmək lazımdır. Çünki hüquqda susanın haqqı danışanın əlinə keçə bilər”.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı mvə müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar