Azərbaycan torpaqları uğrunda canından keçən igid oğullarımız xalqımızın qürur mənbəyidir. Belə qəhrəmanlardan biri də Vətən sevgisini hər şeydən üstün tutan şəhid Yavər Əvəz oğlu Cəbrayılovdur.

Yavər Əvəz oğlu Cəbrayılov 1971-ci ildə Xırdalanda anadan olmuşdur. Hələ gənc yaşlarından mərdliyi, cəsurluğu və vətənpərvərliyi ilə seçilmişdir. Qarabağ uğrunda döyüşlər başlayanda rahat həyatı deyil, Vətənin müdafiəsini seçərək könüllü şəkildə cəbhəyə yollanmışdır.

O, “Qurtuluş” batalyonunun sıralarında döyüşmüş, batalyon komandirlərindən biri olmuşdur. Şahin Tağıyevin ən sevimli və ən etibarlı silahdaşlarından biri kimi tanınmışdır. Yavər döyüşlərdə snayper və qumbaraatan kimi böyük igidlik göstərmiş, ən təhlükəli əməliyyatlarda ön sırada vuruşmuşdur.

1991-ci ilin dekabr ayının 14-də döyüş zamanı yaralanmış, bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtmışdır. O, Vaqaz istiqamətində gedən ağır döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş, düşmənə ciddi zərbələr endirmişdir.

Silahdaşlarının xatirələrində Yavər qorxu bilməyən, döyüş yoldaşlarını dar gündə tək qoymayan igid kimi yaşayır. Onun şücaəti və Vətənə bağlılığı Azərbaycan gəncliyi üçün əsl qəhrəmanlıq nümunəsidir.

Yavər Əvəz oğlu Cəbrayılov 1993-cü ilin fevral ayında şəhidlik zirvəsinə ucalmışdır. O, öz qanı ilə tarix yazaraq sübut etdi ki, Vətən sevgisi ən uca duyğudur.

Şəhidlər ölmür, Vətən bölünmür!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rauf İLYASOGLU.