Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır. Onların böyük əksəriyyəti həm Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün var qüvvəsilə çalışır. Bəzi soydaşlarımız isə yalnız ailə-uşağını saxlamaq üçün bazar - dükanda işləyir. Bir qrup soydaşımız isə...sanki rahat yaşamaq istəmir.
Dəyərli oxucular, bu gün Sizə çox ağrılı bir həyat hekayəsi haqqında danışacam. Namiq Kəlbi oğlu Bağışov 1972-ci il aprelin 4-də Yardımlı rayonunda doğulub. O, bir müddət Azərbaycanda yaşayıb. 1995-1996-cı illərdə daha yaxşı yaşamaq üçün Rusiyanın paytaxtı Moskvaya üz tutub. Harda olubsa, doğma rayonlarına xoş sorağı gedib. Namiqin yaxın qohumlarından Moskvada yaşayanlar var. Bu gün həmin qohumların bir qismindən danışmaq istəyirəm.Hansı ki o qohumları Namiq bəy özü Moskvaya aparmış,onlara hər zaman dəstək olmuş, ata əvəzi olmuşdur (Onların ata-anaları dünyadan köçüblər). Namiq bəyin həmin qardaşı övladları Faiq, Fazil və Elvin Əlihüseyn oğlu Baxşiyevlərlə çox yaxşı münasibəti olub. 2025-ci il dekabrın 12-i gecə 23-30- 24-00 radələrində baş verən dəhşətli qətl hadisəsi hər iki tərəfi qarşı – qarşıya qoyub. Deyilənlərə inansaq, Elvin Fazillə birgə Namiqgilə yollanıb, onunla ciddi söhbəti olduğunu bildirib. Onlar Fazilin idarə etdiyi avtomobillə “Borisovskiy prud” adlı əraziyə gəliblər. Avtomobildə xeyli mübahisə edən qohumlar maşın dayanandan sonra da mübahisəni davam etdiriblər. Elvin əmisi Namiqə elə avtomobildə zərbələr endirmiş, daha sonra Fazil avtomobili dayandırmışdır.Həmin ərazidə də bir qolu işləməyən Namiqə qarşı güc tətbiq olunub.Sonda isə bıçaqla 7 zərbə vurulub. Faiqin dediyinə görə qardaşlar Namiqə güc tətbiq edərkən,Namiq telefonla Faiqə zəng etmiş və deyib ki, “Bunlar məni öldürürlər,tez gəl” . Az sonra zərbələrin təsirindən yerdə çabalayan Namiqdən uzaqlaşaraq hadisə yerindən gediblər.
Mən nə Namiq Bağışovu, nə də onun qohumlarını yaxından tanımıram. Əsl həqiqətin necə olduğunu da bilmirəm. Ancaq bu cinayət işi üzrə yalnız Elvin Baxşiyev həbs olunub və buna görə də suallar yaranır. Faiq əvvəldən bu cinayətin qardaşları tərəfindən törədildiyini gizlətməyə çalışıb.Mərhumun ailə üzvlərinə bildirib ki,Namiq avtoqəza keçirib.Daha sonra isə deyib ki,Namiqi çeçen öldürüb və Elvin həmin çeçeni öldürüb deyə, həbs olunub.Ən sonda isə Faiq qohumlara bildirib ki,Namiq namus üstündə öldürülüb (güya ki Namiqlə Elvinin həyat yoldaşı arasında yaxınlıq olub).Amma namus məsələsinə dair heç bir fakt ,əsas ,sübut olmayıb.Elvindən fakt istənilib.Elvin fakt göstərmək üçün yalan uydurmuş ,həmin yalanı araşdırmaq üçün Namiqin ailə üzvləri məhkəməyə müraciət etmişdir.Və məhkəmə də deyilən məlumatı araşdırmış ,nəticədə isə Elvinin yalan dediyi ortaya çıxmışdır.Məhkəmə bildirib ki,cinayətkar özünə bəraət qazandırmaq üçün,qohumlara bəhanə üçün belə bir şeyi ortaya atıb.
Hazırda cinayət işinə Rusiyanın Moskva vilayətindəki məhkəmələrdən birində baxılır. Fazil və Faiq şahid kimi dindirilib, vəssalam.
Bəzi mənbələrdən aldığımız məlumata görə Elvingil dəfələrlə Namiqdən böyük məbləğdə borc pul götürüb, vaxtında qaytarmayıblar. Namiq dəfələrlə verdiyi pulları onlardan tələb edib və buna görə də onların arasında kəskin mübahisə yaranıb. Nəticə etibarı ilə əmi qaranlıq dünyaya, qardaşı oğlu Elvin isə Təcridxanaya göndərilib.
Biz, Faiqin sosial şəbəkədə yazdığı çoxsaylı söyüşləri oxumuş və Fazilin səs yazısını dinləmişik. Elvinin həyat yoldaşı Namiqin namus üstündə öldürülməsi versiyasını rədd edib. O, bildirib ki, dekabrın 12-i axşam Elvin evdə əyləşibmiş. Qardaşları zəng edib onu çağırdılar və o, getdi.(Lakin Fazil bildirib ki,onu Elvin zəng edib ,çağırıb)
Aldığımız məlumata görə Bakıda yaşayan və hüquq mühafizə orqanlarında çalışan bir qohum da cinayət işinin bağlanması və Elvinə veriləcək cəzanın yüngülləşdirilməsi üçün Fazilgilə yardım edir. Həmin mənbə qeyd etdi ki, Elvinin qardaşı Faiq əsas təşkilatçıdır.
Biz, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən xahiş edirik, ikitərəfli əlaqələri əsas götürərək bu cinayət işində əlləri olan və hazırda azadlıqda gəzən şəxslərin haqqında həbs – qəti imkan tədbirinin seçilməsi üçün köməklik göstərsin.
Qeyd: biz, qarşı tərəfin də mövqeyini öyrənməyə və yayımlamağa hazırıq.
Dilsuz Eloğlu, jurnalist.
19.05.2026.



0 Yorumlar