Özünüməşğulluq proqramına cəlb olunan qadınların sayı açıqlanıb.
BMTV.İNFO xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı məlumat verib.
O bildirib ki, 2016-cı ildən nazirlik tərəfindən icra edilən özünüməşğulluq proqramı dayanıqlı məşğulluğun təmin olunması, ailə gəlirlərinin artması və ümumilikdə sosial-iqtisadi inkişafın gücləndirilməsi baxımından mühüm rol oynayan təsirli vasitələrdən biridir:
"Ümumilikdə proqrama cəlb olunmuş 113 min nəfərdən 31%-ni (35 min) qadınlar təşkil edir və son illərdə bu layihəyə cəlb olunanların tərkibində xanımların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən yarıdan çoxunu (115 nəfər) məhz qadınlar təşkil edib.
İnsan kapitalının inkişafına, rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır".
Nazir əlavə edib ki, 2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61%-ni (36 min nəfər) qadınlar təşkil edib.



0 Yorumlar