Ermənistanın baş naziri Nikol Paşinyan onun həyat yoldaşı Anna Akopyana xəyanət etməsi ehtimalı barədə məqalə dərc etmiş "Hraparak" qəzetinə qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından şikayət verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Datalex" məhkəmə informasiya sistemində dərc olunub.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında baş nazir "Paşinyan arvadına xəyanət edirmi?" başlıqlı məqaləni böhtan hesab edərək məhkəməyə müraciət edib. O, nəşrin bütün platformalarında müddətsiz təkzib verilməsini, həmçinin bir milyon dram (təqribən 2 600 dollar) miqdarında kompensasiya ödənilməsini tələb edib.

Mart ayında birinci instansiya məhkəməsi nəşrin həmin məlumatı təkzib etməsi barədə qərar çıxarsa da, maddi təzminat tələbini təmin etməyib. Baş nazir qərarın məhz bu hissəsi ilə razılaşmayaraq apellyasiya şikayəti edib.

Sözügedən şikayətə Apellyasiya Mülki Məhkəməsində hakim Lendruş Ovannisyanın sədrliyi altında baxılacaq.