Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasındakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.


Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə edilən paylaşım kino ictimaiyyəti tərəfindən ciddi müzakirə mövzusuna çevrilib.


Qeyd olunub ki, "Tütək səsi", "Yeddi oğul istərəm", "İstintaq", "Fəryad" kimi tanınmış filmlərdə qrim rəssamı kimi çalışmış 75 yaşlı Elbrus Vahidov "Azərbaycanfilm" kinostudiyasındakı otağından yeni rəhbərlik tərəfindən çıxarılıb.


İddialara görə, Elbrus Vahidovun ştatda olmaması əsas gətirilərək onun otağı xəbərdarlıq edilmədən boşaldılıb, şəxsi əşyaları isə kənara atılıb, qrim ustasının istifadə etdiyi masa da yararsız hala salınıb. Buna səbəb kimi isə otağın icarəyə verilməsi planı göstərilib.


BMTV.İNFO Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) bildirilib ki, Elbrus Vahidovun Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı əks etdirmir.


"Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlanıb. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılıb, şəxsi əşyaları özü tərəfindən götürülüb. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılıb.


Eyni zamanda qeyd edirik ki, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.


Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik "Azərbaycanfilm" kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.