Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? İnsanın mahiyyətini çox vaxt dilindən çıxan söz müəyyən edir.
Şüurunu sözə əmanət edənlər üçün poeziya mütləq həqiqəti arama sənətidir... Poeziya insanları dünya ilə əlaqə qurmaqdan duyğuları ifadə edərək düşünməyə qədər , mədəniyyətin izlərini daşımaqdan insanların müxtəlif mövzulardakı mübarizələrini əks etdirməyə qədər müxtəlif cəhətləri özündə ehtiva edir. İllərlə eyni şeirləri oxuyaraq eyni zövqü ala biliriksə, deməli, həqiqətən də, sənətdə gözəllik anlayışı dəyişmir. Çünki şairlər öz fərdi hisslərindən irəli gələn duyğularla yazıb-yaratmaqdan daha çox, xalqın ümumi sevgi, gözəllik, hicran, həsrət ,əxlaq, kamillik və s. anlayışlarından yola çıxaraq, öz hisslərini fərqli insan emosiyaları ilə yoğuraraq vəhdət yarada bilirlər. Kəlmələrə düzülmüş təsirli emosiyalar şeirin qəlbində əks-səda verməlidir. Poeziyanın ümumi cizgiləri və mənzərəsi, janr-üslub istiqamətləri, ən əsas da onun narahat dünyamızın ruhuna, məzmununa müvafiqliyi belə deməyə əsas verir ki, sözün zamanla səsləşməsini təmin etmək səyləri, sözün estetik təsir dairəsini genişləndirmək meyilləri aparıcıdır. Ruh və məna ilə uzlaşmadan poeziya ciddi yaradıcılıq səviyyəsinə yüksələ bilmir və poetik vüsət ibrətamiz həyat qənaətinin ifadə vasitəsi rolunu oynadığı zaman siqlətli olur. Ona görə də könül sazını düzgün çala bilmirsə, insan gərək nə özünü incitsin, nə də özgələrini (Mövlanə). Şairi sözündən tanıyırsansa, öz cığırı, öz yolu varsa, demək, sözünə də, özünə də sadiqdir: Dəryanın dibindən əldə edərək,
Düzürəm sözləri mirvarilərtək.
Şair qızıyamsa Vətənin demək Mənim də dəyərim bilinsin gərək.
Aytəkin Mehmanqızının yaradıcılığı onun dillə təcəssüm etdirilən mənəviyyatının və təfəkkürünün parlaq , obrazlı təzahürüdür. Aytəkin həyatda da, sənətdə də əl-ələ verib, söz-sözə verib könül sazını düzgün çala bilməyin tərəfdarıdır. O, müasir Azərbaycan poeziyasında lirizmi, səmimi duyğuları və mənəvi dərinliyi ilə seçilən şairlərdəndir. Onun şeirlərində vicdan, taleyə münasibət və daxili kamilləşmə əsas mövzular kimi ön plana çıxır. Şairə poetik düşüncəsində zahiri təsvirlərdən çox, mənəvi qatlara enməyə üstünlük verir ki, bu da onu klassik poeziya ənənələrinə yaxınlaşdırır. Aytəkin Mehmanqızının poetik dili sadə, lakin məna baxımından dərin və yığcamdır. O, klassik poeziyadakı simvolik düşüncə tərzinin əsas poetik prinsiplərini müasir ifadə formaları ilə birləşdirir: Zarafat edəndə elə et ki sən,
Heç kimin qəlbini incitməyəsən.
Çirkinə də “gözəl” söyləsən hərdən,
Tanrının gözündə yüksələcəksən.
Özün gözəl sanar çirkin sevinər,
Qəlbindən üzünə nurlar ələnər.
................................................
Hər kəsdə olmayar təmiz bir ürək Yaşasaq, insantək yaşayaq gərək
Hər bir xalqın milli düşüncə tarixində etnik sistemin fövqünə qalxan elə şəxsiyyətlər olur ki, onları fiziki və mənəvi cəhətdən yetirən xalq sonralar əsrlər boyunca öz yaşam gücünü, milli mövcudluq impulslarını həmin şəxsiyyətlərin adından və əməlindən alır. Müasir Azərbaycan poeziyasında bu ənənənin yaradıcı şəkildə davam etdirilməsi Aytəkin Mehmanqızının şeirlərində də aydın şəkildə müşahidə olunur. Milli sənətin və ictimai fikrin faktı olmaqla bərabər, bəşəri olan əsərlərilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığı əsrlər boyu təqdir olunub məhəbbətlə izlənilən Nizaminin əsərlərində qaldırdığı ideyalarla bu gün də həyati əhəmiyyətini itirməyən ölməz ənənələrini öz əsərlərinin devizinə çevirmiş Aytəkin xanımın şeirlərini oxuduqca oxucu bir daha inanır ki, Nizami bizim əbədi və mənəvi müasirimizdir.Aytəkin şeirlərindəki emosional-ekspressiv ifadə tərzi və sənətkarlıq mədəniyyəti ilə o fikri oyandırır ki, Nizami tərzi təkcə vəzn, süjet quruluşu və bədii təsvir vasitələri ilə deyil, insan, eşq, ədalət və kamillik anlayışlarına yanaşma baxımından da sonrakı ədəbi nəsillərə güclü təsir göstərməkdədir. Azərbaycan ədəbiyyatının klassik zirvələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığının əsrlər boyu poetik düşüncənin estetik və fəlsəfi istiqamətini müəyyənləşdirməsinə istinadən deyə bilərik ki, Aytəkin Mehmanqızı Nizamini təkrarlamır, onu müasir insanın daxili dünyası ilə uzlaşdırır. Bütövlükdə poeziya düşüncələr, hisslər, həyat haqqında qənaətlər şeirlər vasitəsilə nəsildən-nəslə ötürülür, genetik kod kimi formalaşır.
Klassik ideyalar şairənin poeziyasında yeni kontekst qazanır, qadın düşüncəsi və müasir həyat reallıqları ilə zənginləşir. Bu, Nizami tərzinin canlı və davamlı olduğunu göstərən mühüm göstəricidir:
Mərdin namərdlərə möhtac qalması,
Həyatda ən büyük faciə imiş...
Cahilin aqili nadan sanması,
İlan zəhərindən daha betərmiş...
Şairə klassik ənənəyə sadiq qalmaqla yanaşı, onu müasir poetik düşüncə ilə sintez etməyi bacarır. Bu xüsusiyyət Aytəkin Mehmanqızının yaradıcılığını həm klassik irsə bağlı, həm də müasir Azərbaycan poeziyasının orijinal nümunəsi kimi dəyərləndirməyə imkan verir. Nizami poeziyasında olduğu kimi, Aytəkin Mehmanqızının şeirlərində də əxlaqi dəyərlər mühüm yer tutur. Vicdan, sədaqət, ədalət və məsuliyyət anlayışları onun lirikasında poetik obrazlar vasitəsilə təqdim olunur. Şairə insanı cəmiyyətin passiv üzvü kimi deyil, mənəvi seçimlər qarşısında cavabdeh olan varlıq kimi göstərir. Bu fəlsəfi baxış Nizami tərzinin müasir poetik təzahürü kimi dəyərləndirilə bilər. Nizaminin söz sənətinin təsiredici qüvvəsindən müasirlərini mənən təmizliyə çağırmaq kimi bəşəri bir məqsəd üçün faydalanan Aytəkin Mehmanqızı da dövrümüzə görə çox vacib problemlərə toxunmuş, yüksək bəşəri ideyalar tərənnüm etmişdir. Bu poeziyada insan və cəmiyyət, sənətkar və dövr, insani hissiyyatlar və əxlaq kodeksləri kimi əbədi problemlərin poetik ifadəsi öz fəlsəfi mahiyyəti ilə əhəmiyyətlidir. Eynilə şairin “Belə daha yaxşıdır” şeirində dediyi kimi:
Yol səni yormayırsa,
Yol yoldaşın yaxşıdır,
Səni qanan yoxdursa,
Sussan daha yaxşıdır.
Cahil dostun olunca,
Dostsuz olmaq yaxşıdır.
Pislə yaşamaqdansa,
Tənha qalmaq yaxşıdır.
Onu oxuduqca çətinə düşmürsən, dağa-daşa yol salmırsan. Əksinə, düz yola dəvət var bu şeirlərdə. Şairənin bütün düşüncəsi o yöndədir ki, oxucu bu sözlərin aydınlığında paklansın. Aytəkin öz ruhunun yolçusudur, o, sözün arxasınca getmir. Söz onun qarşısına çıxır bu yolda. Əsərlərində qarşıya qoyulan hədəf, həyatın ümumi dəyərləndirilməsi heç bir halda absurd təsiri bağışlamır. Onun poeziyası bütövlükdə insanın necə kamilləşməsinin poetik axtarışlarıdır. Nəzərə alsaq ki, insanın kamilliyi onun haqqa qovuşmasındadır:
Düşünə bilərdimi dörd fəsli insan?
Gör nələr xəlq etmiş bizi Yaradan?!
Gözəldir möhtəşəm varlığın işi,
Qışa qarı vermiş, yaya günəşi.
Özünü ağıllı saysa da insan,
Allahdır dünyanı səhmana salan!
Bu insanların şüurundakı Tanrı arxetipinin poeziyaya köçürülmüş halıdır. Zamanla fani insanların əbədi Tanrıdan gözlənti və arzularını özündə ehtiva edib nəsildən-nəslə ötürülmüş inancının poeziyadakı təzahürüdür. Bu Allahla bağlı ilk şeir deyil, son şeir də olmayacaq. Aytəkin özündən öncəki yazıb-yaradan şəxsiyyətlərin ideya və düşüncələrinə istinad etmiş, onların bəşəri qayə və fikirlərinə yeni nəfəs gətirmişdir.
“Sərçə”, “Şah və Kəniz”, “Qurbağa və əqrəb”, “Həzrəti-Yusuf“, Bəlkə xeyir bundadır”,”Qonşular” ,”İlanla insanın dostluğu”,”Sevgi əngəl tanımır” şeirlərindəki süjeti izlədikcə şahid olursan ki, bu balaca hekayələrin hər birində roman siqləti yaşayır. Bu didaktik mətnlərdəki poetik tamlıq, deyim ekspressiyası fikri gərginliyin maqnit sahəsində bədii çəki, estetik enerji kəsb edir:
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar bilirəm ki, mən.
Dəyərli incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz aciz bir bəndə,
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən...
Aytəkin Mehmanqızının istifadə etdiyi sözlərin cismi, hərfi mənası lüğətlərdə, emosional və poetik-fəlsəfi dərinliyi şairin didaktik mətnlərində yaşayır.Bu mətnlərdə şairin sözlə yeni məna imkanları potensial zirvə və dərinlik ehtiyatları üzə çıxır:
...Məqam keçir ilanın bu anda tez əlinə,
Sahib çıxa bilməyir, öz zəhərli dilinə.
Sancır gözəl insanı suyu verən əlindən,
Əl götürə bilməyir, öz köhnə adətindən.
Söz versə də insana, dost olacam ömürlük,
Dostluq edə bilməyir, insanla bircə günlük...
Şairə didaktik şeirlərində həm də cəmiyyətdə gördüyü naqisliklərə qarşı çıxır, ictimai idealını, onu düşündürən məsələlər haqqında öz narahatlıqlarını misralara tökür. O, öhtəsinə çətin vəzifələr düşdüyünü xüsusi vurğulayır. Söz sənətinin zövqləri oxşamaqla yanaşı, oxucunu düşünməyə, öyrənməyə, əxlaqi-mənəvi təkamülə sövq etməsini, mənəviyyata təsir etməsini zəruri sayır. O, insanı öz ləyaqətini dərk etməyə çağırır, insanlıq heysiyyətinin tapdanmasına kəskin etiraz edir. Şəxsiyyətin mənəvi zənginliyinə və tərbiyəvi-əxlaqi kamilləşmənin bəşər taleyindəki mühüm roluna böyük əhəmiyyət verir:
Həyat özü elə böyük məktəbdir,
Ən gözəl dərsləri o keçəcəkdir.
Həyatdan dərs alan kamil bir insan,
Çox bilər ali bir təhsil alandan .
Aytəkin Mehmanqızı hər cür əxlaqi qüsurlardan azad cəmiyyətin də məhz mənəvi-əxlaqi təmizlənmə yolu ilə mümkünlüyünü dilə gətirir. Buna görə də cəmiyyətin sağlam ruhla tərbiyəsinə kömək edən vasitələr üzərində düşünməyi özünə borc bilir. Mürəkkəbliyi və çoxcəhətliyi ilə seçilən müasir poetik proses zamanın tələblərinə uyğun olaraq zənginləşmədə, hərəkətdə və dəyişmədədir. O da maraq doğurur ki, poetik axtarışlarda zəngin poetik irsimiz də fəal iştirak edir, özünün qədim və yaxın keçmişi ilə daxili təmasda yaranır, poeziyamızın ənənələri, təcrübələri müasir şeir yaradıcılığının karına gəlir və ciddi əhəmiyyət kəsb edir. Fəal, nəcib tarixi yaddaş poeziyamızda gücləndikcə müasir şeir yaradıcılığının ayrılmaz parçasına çevrilir, hər bir söz sənətkarının fərqli təkamülü üçün uğurlu başlanğıc rolunu oynayır, poeziyanın sosial məzmununu daha da dolğunlaşdırır:
Susuz balıq kimi çırpınar hər an,
Ömrü boşa verər, məqsədsiz insan...
Bədii sözün təsir gücünə inanan şairənin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən əsərləri oxucusunu gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağılın, zəkanın qüdrətinə, haqqın ictimai xeyirin qələbəsinə inam hissləri oyadır. Şairin mətləbi incə eyhamlarla oxucuya çatdırmaq və insan təbiətinə nüfuz etməklə dəyişdirici təsir göstərmək məharəti oxucuni heyran edir:
Üzülmə heç nəyə, səbr et hər zaman,
Səbrlə çatarmış arzuya insan...
Aytəkin Mehmanqızının poetikasında klassiklərin işığından, nəfəsindən güc-qüvvət alan didaktika onun misralarına hopmuş elə bir cövhərdir ki, müəllifin dəsti-xəttində dərhal sezilir, təbii şəkildə bədii mətnin ümumi ruhuna, estetik istiqamətinə çevrilir.
Aytəkin xanımın çox sayda vətənə, torpağa olan sonsuz məhəbbət və bağlılığını ifadə edən şeirləri də vardır ki, bunlar da müəllifin qələmindən süzülüb gələrək yaddaşlarda daim yaşayacaqdır. Xalqının gözü önündə yaşanan faciələr Şuşasından ayrı salınmaq Aytəkini də erkən yaşa doldurub kamilləşdirdi:
İsa bulağına, Cıdır düzünə,
Yenidən qovuşdum, çox şükür Şuşam!
Əziz Xan əminin vətəni Şuşam,
O da bir çoxumuz kimi milli-mənəvi dərd yükünə çiyin verə-verə boy atdı, müdrikləşdi. Qələminə tapına-tapına Azərbaycanın bütövlüyünə boylanaraq yazdı:
Canından yenə can ayrılır sənin,
Yenə hansı balan şəhid olubdur? Yaxud,
Nur üzlü çöhrəsi qəlbimizdədir,
Xudayar ölməyib, o, bizimlədir!
Misraları vətənpərvər şairənin qədim-qayım ellərimizin ağrı-acısı ilə yazdığı şeirlərdəndir.
Ədəbiyyat mənim üçün bir ehtiyacdır. Qida kimi, hava kimi, su kimi, səhər yuxudan oyanmaq kimi...Bu ehtiyac səbəbdir ki, harada gözəl deyilmiş bir söz varsa, o barədə danışmaq istəyirəm. Harada mənalı söz varsa, onları bir yerə toplamaq istəyirəm. Harada sözün xidmətində dayanan biri varsa, onunla çiyin- çiyinə dayanmaq istəyirəm...Çünki:
Söz hər şeydən əvəl dinləyən istər,
Alıcı olmasa, tanınmaz gövhər (Nizami).
Dövlətzadə Məhrux
Filologiya üzrə doktoru,
ADPU-nun baş müəllimi





0 Yorumlar