Bakı, 23 aprel (BMTV.İNFO). Müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada meydana çıxmışdır. Əvvəllər yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyunun 11-dən etibarən mülkiyyətin bütün formalarını birləşdirmişdir.
Yaxın xaric hesab edilən Rusiyada isə bu anlayış indinin özündə də daha çox ədəbiyyat sahəsinə aid edilir.
YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir.
Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür.
Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir.
Qeyd edək ki, hazırda dünyada 860 milyondan çox insan savadsızdır, 100 milyondan çox uşaq təhsildən kənarda qalmışdır. Onların təhsillə, elmlə məşğul ola bilmələri üçün YUNESKO mütəmadi olaraq layihə və proqramlar həyata keçirir.



0 Yorumlar