Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist, "Qafqaz Media" ictimai birliyinin qurucusu və sabiq sədri Hacı Azadə-Taleh Abbasqızını oxuculara tanıtmağa ehtiyac yoxdur. Azadə xanım 1964-cü il fevralın 26-da doğulub. Azərbaycan Tibb Universitetini bitirib. O, "Qafqaz Media" ictimai birliyinin, həmçinin, bir neçə qəzet və saytın qurucusudur.
Biz, Azadə xanımla 30 ildən çoxdur ki tanış idik. Həmişə bir-birimizə hörmətlə yanaşırdıq. 1992-1993-cü illərdə Bakıda - Yasamal rayonunun ərazisində yerləşən "Azərbaycan" nəşriyyatında müxtəlif qəzet redaksiyalarında çalışsaq da, mütəmadi olaraq görüşər, söhbətləşərdik. Azadə xanım o zaman ətrafına işgüzar insanları toplamışdı. O, həmin şəxslərin maliyyə dəstəyilə imkansız ailələrə yardımlar edir, şəhid ailələrinə, qazilərə baş çəkərdi. Azadə xanım yoxdan var düzəldən insan idi. Xocalı soyqırımı baş verən gündən o, öz doğum gününü qeyd etmədi. Çünki onun doğum günü fevralın 26-a təsadüf etmişdi.
Ömür-gün yoldaşı Cavanşir Vahabovu, ardınca isə yeganə oğlu Taleh Hüseynovu itirən Azadə Abbas qızı içindən sarsıldı.
...2023-cü il martın 7-də xeyirxah insan, istedadlı həkim və jurnalist - şair Azadə Hüseynova işıqlı həyatla vidalaşdı.
Martın 7-də "Qafqaz Media" ictimai birliyinin sədri, şair Qabil Ədalətin dəvətilə Haci Azadə Taleh Abbas qızını yad etmək üçün toplaşdıq.
Öncə Dahi şəxsiyyət Heydər Əliyevin, şəhidlərimizin və Azadə xanımın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Qabil Ədalət Azadə Talehin ömür yolu və fəaliyyəti barədə qısa məlumat verdi. "AzərTAc" İnformasiya Agentliyinin müxbiri, şair Zərəngiz Qayalı, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, I Vətən müharibəsinin qazisi Rüxsarə Cumayeva, bədii qiraət ustası Nazilə imranlı, şairə Səriyyə Vəlizadə, Azadə xanımın qaynı Əli Vahabov və digər şəxslər Azadə Hüseynova ilə bağlı xatirələrini danışdılar. Azadə xanımın yaxın qohumu Aslan bəy bu cür tədbirlərin mühüm əhəmiyyətini qeyd etdi.
Bacısı Tahirə Hüseynova Hacıxanım Azadə Talehin xatirəsini yad etmək üçün gələnlərin
hər birinə ailə üzvləri adından təşəkkür etdi.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 08.03.2026.




0 Yorumlar