Hər nə qədər “Sevginin günü olmur” desək də, bu gün həmin gündür. Sevgililər günü hər il dünyanın dörd bir yanında 14 fevral tarixində qeyd edilir. Bu gündə sevənlər bir-birini təbrik edir, hədiyyələr alır, kartlar göndərirlər. Hesablamalara görə 14 fevralda bütün dünyada təxmini 1 milyarda yaxın kart göndərilir. Ölkəmizdə də bu sevən cütlüklərin xüsusi coşqu ilə qeyd etdiyi tarixdir. Lakin buna baxmayaraq sevgililər gününü “kapitalizmin oyunu” adlandıranlar, ona “pul tələsi” kimi baxanlar da az deyil.
BMTV.İNFO bu günün özəlliyi ilə bağlı fərqli peşə sahibləri və sənət adamlarının düşüncəsini öyrəndi. Günün anlam və önəminə yanaşmalar müxtəlif oldu. Kimi köhnə sevgilisini düşünüb yalnız qeyd edəcəyini dedi, kimisi də, hədiyyə alacağı üçün səbirsizləndiyini...
İlk öncə gənc şair Ulucay Akif bildirdi ki, bu il 14 fevralı köhnə sevgililərini xatırlayaraq qeyd edəcək:
“Sevənlər üçün bütün günlər sevgililər günüdür. Daha doğrusu sevdiyi ilə birgə olanlar üçün. Düzdü, bu günün tarixçəsindən düz-əməlli məlumatlı deyiləm, pisləyənlər də çoxdur, amma, hər halda xüsusi günlərin olmağı yaxşıdır. Mənim isə hədiyyə alacağım kimsə yoxdur. Köhnə sevgililərimi xatırlayaraq qeyd edəcəm”.
Sevilən ifaçı Ayaz Babayev isə deyir ki, hər zaman qeyd edilən özəl günləri əhəmiyyətli hesab edib:
“Təbii ki, sevən insan üçün sevginin günü olmaz. Lakin, hədiyyə etmək və xoş anlar paylaşmaq üçün xüsusi günlərə ehtiyac var. Elə il olub ki, məhz həmin gün sevgilim olub, amma, olmasa belə mənim üçün bu tarixin önəmi var. sənətçiyəm və çıxış etdiyim məkanda sevgililər, ailələr çox olur. Bütün variantlarda bu günün mənim üçün əhəmiyyəti var”.
O ki qaldı müğənninin bu günü qeyd edib etməməsinə, A.Babayev deyir ki, 14 fevral günü iş başında olacaq. Elə xüsusi olaraq həmin gün üçün ifaçı sevənlərinə hədiyyə olaraq, yeni klipini təqdim edəcək:
“Mahnı sırf 14 fevrala həsr edilir, hələ ki çıxmayıb. “Sən mənlə” adlanan yeni ifam ayın 13-ü onlayn olaraq yayımlanacaq”.
Qeyd edək ki, sevənlərə həsr edilən mahnı müğənninin bir çox xitlərinin müəllifi olan, reper Naton M Kalibre yazıb. Rejissorluğunu Fərman Bəşirlinin üstləndiyi klipdə, A.Babayevin tərəf müqavili, tanınmış blogger Apruza Aliyeva olub.
Digər bir müsahibimiz olan tanınmış müğənni Afət Fərmanqızının həmin günlə bağlı fikirləri bir qədər fərqlidir. Belə ki, ifaçı həmin günə hazırlaşmasa da, onun üçün önəmli olduğunu söylədi:
“14-fevral tarixini qarşı tərəfdən hədiyyə alacağım üçün əhəmiyyətli hesab edirəm. Desəm ki, həmin gün üçün xüsusi olaraq hazırlaşıram, yalan olar. Mənimçün Novruz bayramı qədər önəmli deyil”.
Xüsusi günləri daha da anlamlı edən hədiyyələrə gəldikdə isə, müğənnin fikrincə onu qadın yox kişi almalıdır. Elə buna görə də, o öz sevdiyinə heç bir hədiyyə almayacaq:
“Düşünürəm ki, qadın hədiyyə almaz. Mən nəinki sevgililər günündə, heç qarşı tərəfin ad günündə belə hədiyyə almıram. Mənim adi sözlə təbrik etməyim özü bir hədiyyədir. Fikrimcə xanımların hədiyyə almağı düzgün deyil. Hətta, 8 martda xanımların bir-birlərini təbrik etməsini də normal qarşılamıram. Qadın-qadını təbrik etməli deyil. Kişilər qadınını həm sözlə, həm də hədiyyə ilə təbrik etməlidir. Kişinin ad günü olsa belə onu sözlə təbrik edib qeyd etmək kifayətdir. Bu fikrim sadəcə sevgi münasibətlərinə aiddir. Əgər söhbət dostluqda gedirsə, bu zaman xanımların bəylərə hədiyyə alması normaldır”.
Bu tarixlə bağlı bir-birinə zidd düşüncələrin müzakirəsi üçün psixoloq rəyini də aldıq. Psixoloq Şahin Alıyev 14 fevral kimi digər önəmli tarixləri qeyd edib-etməyənlərin düşüncəsini belə belə təhlil etdi.
Onun sözlərinə görə, 14 fevral sevgililər gününü qeyd etməyin tərəfdarı olmayanlar, adətən mövzuya dini baxımdan yanaşanlardır:
“Bir psixoloq kimi onu deyə bilərəm ki, həyatımızda nə qədər müsbət anlar olursa, bu münasibətlərdə insanların bir-birinə daha sıx bağlanmasına və doğmalaşmasına səbəb olur. Mən hər zaman müraciət edən cütlüklərə demişəm ki, xoşbəxt anlarınızı paylaşacaq özəl günləriniz olsun. Həmin günlər xoş xatirələrin yaranmasına səbəb olur ki, bu da müsbət bir haldır nəinki mıənfi. Belə günlərdə, icikliklər yaddan çıxır, gözəl xatirələr formalaşır. Xoş təəssüratlar hələ bir müddət həmin insanların aurasına yaxşı təsir bağışlayır”.
Psixoloq onu da vurğuladı ki, Kimsə deyə bilər, “mən 14 yox, 15 fevralı qeyd edirəm”. Burada tarixin heç bir əhəmiyyəti yoxdur. Belə düşünənlərin çoxu taxıntılı düşünən insanlardır:
“Psixologiyada belə bir şey var. İnsanlar bir şeyi nə qədər çox pisləyirlərsə, əslində şüuraltı olaraq həmin şeyə qarşı gizli bir maraqları olur. Bunu təbii ki, kimə desək inkar edər. Həmin an müdafiə mexanizmi işə düşür və şəxs deyir ki, belə bir şey yoxdur. Çünki, biz özümüz belə öz şüur altımızı analiz edə bilmirik. Normal həyatımızda da, bir insana qarşı aşırı aqresiyamız varsa deməli gizli olaraq da o şəxsə marağımız var. Ya onunla birlikdə olmaq istəyirik, ya dost ya da hər hansı bir digər münasibət. Bu amil xüsusi günlərlə də bağlıdır”.
Mütəxəssis xoşbəxt məqamlara aqressiya ilə yanaşan insanların, adətən uşaqlıqan incikliyi çox olanlar, ailəsi tərəfindən haqsızlıq görənlər olduğunu söyləd:
“Misal olaraq deyə bilərəm ki, bir adamı masamıza dəvət edirik, o da deyir ki, “oturmaq istəmirəm, ayaq üstə qalmaq daha xoşdur”. Lakin, əyləşdikdən sonra görür ki, əslində belə daha yaxşı imiş. Yəni ətrafda baş verən xoş hadisələrə mənfi reaksiya verən insanlar işdən-içə həmin anları özü də yaşamaq istəyir”.
Qeyd edək ki, sevgililər gününün tarixi 3-cü yüzilliyə, Əziz Valentinin gizlincə qıydığı nigahlara söykənir. Belə ki, həmin dövrdə, İmperator II Claudius Romanı öz bərk qaydaları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Bu vəziyyətin tək səbəbi romalı kişilərin öz xanımlarını və ailələrini buraxmaq istəməmələri idi. Buna görə də Romadakı bütün nişan və evlilikləri aradan qaldırdı. Rəvayətə görə, qadağaya qarşı gələn keşiş Valentin gizlincə nigah qıyaraq gəncləri evləndirirmiş. Xəyanətinin qarşılığında döyülərək öldürülən Əziz Valentin Miladdan sonra 270-ci ilin 14 fevral tarixində Xristian şəhidliyində basdırıldı. İllər keçdikcə yavaş-yavaş 14 Fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq Əziz Valentin də bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı.
İlham Rəsulzadə

.jpeg)

0 Yorumlar