Mən ki, dünən uşaq idim, İlahi,
Nə yaşadım, nə gördüm ki, qocaldım?!
Hanı mənim taxta qılınc, qalxanım,
Qarğı atı heç sürdüm ki, qocaldım?!
Hara uçdu qayğı bilməz illərim?!
Sözə baxmır qələm tutan əllərim!
Nə tez soldu bağçam, bağım, güllərim,
İlk eşqimə gül verdim ki, qocaldım?!
Gözüm seçmir, kütləşibdi yaddaşım,
Təsbeh, əsa olub ürək sirdaşım,
Əlli doqquz bu günkü yol yoldaşım,
Altmışa yön çevirdim ki, qocaldım?!
Yaş üstünə yaş gəldikcə bələkdən,
Dost, tanışlar bir-bir keçdi ələkdən.
Göyçəsizəm, nə umum bu fələkdən,
Səksən yaşı ötürdüm ki, qocaldım...
Firuz Ələmdaroğlu (Göyçəsiz)




0 Yorumlar