Azərbaycanda avaralıqla məşğul olmaya dair hansı qanunvericilik qüvvədədir?
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində “Avaralıqla məşğul olma” maddəsi müəyyən olunmuşdur.
Həmin maddədə göstərilən bəndlərə əsasən, avaralıqla məşğul olmağa görə – vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya 20 manatdan 25 manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə isə 50 manatdan 90 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 5 gündən 15 günədək müddətə inzibati həbs tətbiq edilir.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu maddədə “avaralıqla məşğul olan” dedikdə- müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar