"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 7 yanvar 2026-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR də daxil olmaqla) 3 846 məhkum barəsində tətbiq olunub.


Bu barədə BMTV.İNFO-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları altı ay azaldılıb.


Həmçinin qeyd olunub ki, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə iki nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə səkkiz nəfər cəzadan azad olunub.


"Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.


Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxsdir.


Amnistiya aktının icrası davam etdirilir", - deyə cavabda vurğulanıb.