Salyan Rayon İcra Hakimiyyəti, Salyan Dövlət Rəsm Qalereyası, Salyan Tarix-Diyarşünaslıq Muzeyi, Şirvan-Salyan Regional Təhsil İdarəsi və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunub. Sərgidə rayon rəsmiləri, şəhid ailələri, hərbiçilər, ziyalılar, məktəblilər və ictimaiyyət iştirak edib. İlk olaraq ulu öndər Heydər Əliyevin, 20 Yanvar və bütün Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin Ərazi təşkilat və ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi təşkilat və ictimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Sevinc Səmədova, 20 Yanvar şəhid Elçin İmanovun qardaşı Fuad İmanov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Salyan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli, Salyan Dövlət Rəsm Qalereyasının tərtibatçı rəssamı Coşğun Məmmədov, “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova, Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Salyan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Gülşən Məmmədova və digərləri 20 Yanvar faciəsinin tarixindən söhbət açıblar. Vurğulanıb ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.


Sonra sərgiyə baxış olub. Uşaq və yeniyetmələrin çəkdiyi rəsmlərdə şənbə gecəsi xalqımızın başına gətirilən faciə, azərbaycançılıq birliyi, əzm, qürur ön plana çəkilib. İştirakçılar həmçinin 20 Yanvar şəhidi Elçin İmanovun şəxsi əşyalarından ibarət sərgini də izləyiblər. Qeyd edək ki, sərgi 22 yanvar tarixinə qədər ziyarətçilər üçün açıq olacaq.