Bakı şəhərində “Müstəqil Həmkarlar Birliyi” və “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə “Son illərdə əmək qanunvericiliyində olan problemlərin müzakirəsi və həlli yolları” mövzusunda "Dəyirmi masa" görüşü keçirilib.
Tədbirdə müxtəlif ictimai birliklərin, peşəkar təşkilatların nümayəndələri, ekspertlər və sosial sahə fəalları iştirak ediblər.
İlk olaraq, Qarabağ uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anılıb.
Müzakirələrdə iştirakçılar Azərbaycanda əmək münasibətləri, əmək hüquqlarının müdafiəsi və sosial ədalət sahəsindəki çətinlikləri geniş şəkildə müzakirə ediblər.
Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov qeyd edib ki, son illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətindəki çatışmazlıqlar işçilərin hüquqlarının pozulmasına şərait yaradıb. O, vurğulayıb ki, DƏMX bir qayda olaraq, vətəndaş şikayətlərinə ciddi yanaşmır, yoxlamalar səmərəli aparılmır və bu, işəgötürənlərə gerçək vəziyyəti gizlətmək imkanı verir.
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova bildirib ki, müharibə veteranları, qazilər və şəhid ailələri öz əmək hüquqları müdafiə olunmadığı üçün ən çox zərbə alan qruplardandır. Onların qanunsuz ixtisara məruz qalması, işdən çıxarılması halları tez-tez baş verir, lakin bu işə görə məsuliyyət daşıyan azdır. Həmçinin, Səhiyyə və Sosial Müdafiə nazirlikləri arasında koordinasiyanın zəif olması əlillərin kompleks reabilitasiya ala bilməməsinə, nəticədə isə onların iş bazarında ayrı-seçkiliyə məruz qalmasına səbəb olur.
Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev isə qeyd edib ki, vətəndaşlar problemlərini həll etdirmək üçün çox vaxt rəsmi qurumlara deyil, sosial şəbəkələrə müraciət edirlər. Bu isə dövlətin nüfuzuna mənfi təsir göstərir. Yerli icra hakimiyyəti orqanlarının qeyri-bərabər və bəzən qəsdən səlahiyyətlərinin sui-istifadəsi vətəndaşları dövlətə qarşı narazı salır. Bu cür halların aşkara çıxarılması və qanunla təqib olunması tələb olunur.
Səhiyyə eksperti Mərziyyə Məmmədova tibb işçilərinin əmək haqqı problemlərini, xüsusilə 2020-ci ildə təsdiq edilmiş əlavə ödənişlərin tam ödənilməməsini qaldırıb. O, həmçinin, öz hüquqları uğrunda çıxış edən həkimlərin iş yerlərində təqib olunmasına son qoyulmasını tələb edib və bunun son nümunəsi kimi gənc həkim Ramil Abdullayevin vəziyyətini göstərib.
Ramil Abdullayevin atası Şakir Abdullayev oğlunun məruz qaldığı təzyiqlər nəticəsində xəstələndiyini və xəstəxanaya yerləşdirildiyini bildirib. O, oğlunun hüquqları uğrunda mübarizəsini bütün qanuni yollarla dəstəkləyəcəyini bəyan edib.
Səlyan Regional Qaz İdarəsinin ixtisara salınmış iqtisadçısı Pərvanə İsmayılova “Azəriqaz”ın regional şöbələrində rəhbərlərin qanunsuz metodlarla, xüsusilə qeyri-qanuni “attestasiya” vasitəsilə işçiləri ixtisara məcbur etdiyini bildirib. O qeyd edib ki, məhkəmə prosesinin uzun və bahalı olması bir çox işçilərin hüquqlarını müdafiə etməyin qarşısını alır.
Azad İstehlakçılar Birliyinin sədr müavini Əbdülfəz Rzayev və Bakı Milli Televiziyası Internet Kanalının rəhbəri İlham Rəsulzadə də öz müşahidələrini və təkliflərini bildiriblər.
"Dəyirmi masa "iştirakçıları müzakirə olunan bütün problemləri və onların həlli yollarını əhatə edən yekun MƏRAKİZƏ-TƏKLİFLER sənədi hazırlamaq qərarına gəliblər. Hazırlanan sənəd ətraflı müzakirə edildikdən sonra Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisinə təqdim olunacaq.
Qeyd: Bu mətn tədbirdə edilmiş çıxışların əsasında təqdim edilmiş informasiya əsasında hazırlanmışdır.










0 Yorumlar