Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-dən noyabrın 8-dək Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən işğal edilən ərazilər düşmən tapdağından azad olunub.Həmçinin, 2023-cü il sentyabrın 19 - 20-də Qarabağda aparılan lokal antiterror əməliyyatları nəticəsində Xankəndi və Xocalı şəhərləri, Ağdərə rayonu və digər ərazilər azad edilib. Hazırda işğaldan azad olunan ərazilərdə geniş quruculuq - abadlıq işləri aparılır.

Azərbaycanın dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin bərpasında azacıq da olsa haqqı olan bir şəxs kimi Sizə məlumat verirəm ki, 2026-cı il yanvar ayının 12-dən etibarən qurucusu olduğum "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinə yenidən rəhbərlik edəcəyəm. 2023-cü il mayın 1-dən 2026-cı il yanvarın 5-dək "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinə rəhbərlik etmiş Ceyran Əzizova ötən müddətdə 2 mühüm layihəni icra etmişdir, həmçinin, Xocalı soyqırımı zamanı şəhid olan bəzi insanların xatirə mərasimlərini təşkil etmişdir. Mənim yenidən bu Təşkilatın İdarə Heyətinin sədri seçilməyim Azərbaycan həqiqətlərinin, xüsusən, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında yeni bir səhifənin açılmasına xüsusi töhfə olacaq. Azərbaycanı xarici ölkələrdə ləyaqətlə təmsil edən diaspor təşkilatlarının rəhbərlərinə səslənirəm: biz, Sizinlə əməkdaşlığa hazırıq və real təkliflər gözləyirik.

Eyni zamanda bildirirəm ki, Ölkəmizin şəhər və rayonlarında şəhid və qazilərin tanıdılması davam etdiriləcək.

Qeyd edirəm ki, biz, ictimai Təşkilat olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev və Ölkəmizin Birinci Vitse - Prezidenti xanım Mehriban Əliyevanın fəaliyyətlərini birmənalı olaraq dəstəkləyirik.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

"Qarabağ Azərbaycandır!"


Hörmətlə,

Şamil Sabiroğlu, 

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.

Bakı şəhəri, 06.01.2026.