Son illər cəmiyyətimizin gündəmində olan əsas mövzulardan biri də az yaşlı qızların erkən nigaha getməsi problemidir. Hüquq müdafiəçisi kimi bu mövzuda dəfələrlə mənim fikrim soruşulub. Ancaq dediklərimin saytlarda tam əks olunmaması səbəbindən bu məsələni açıq şəkildə qələmə almaq qərarına gəldim. Saytların mövqeyini başa düşürəm; onlar oxucuları narahat etmək istəmir. Lakin mənim vəzifəm gerçəkliyi söyləməkdir.


Əvvəla qeyd etməliyəm ki, dünyada erkən evliliklər, uşaq alveri və “Baca-Bazı” kimi mərasimlər (məsələn, Əfqanıstan və Pakistan kimi ölkələrdə) əsasən kasıb ölkələrdə yayılıb. Yəni, övladına təhsil və gələcək təmin edə bilməyən, sabaha ümidi olmayan valideyn öz uşağını istehlak malı kimi satışa çıxarır. Keçmiş əsrin əvvəllərinə qədər bu vəziyyət Azərbaycanda da geniş yayılsa da, sosialist inqilabından sonra həm şəhərlərdə, həm də kəndlərdə savadsızlığa qarşı böyük addımlar atıldı. Eyni zamanda yeni iş yerləri açıldı, bu da ibtidai təhsilli insanların müxtəlif zavod, fabrik və kolxozlarda işlə təmin olunmasına zəmanət yaratdı.


Bu gün isə elm yüksək səviyyədə inkişaf etdiyindən, hətta ali təhsil belə hər kəsə əmək bazarında yer təmin edə bilmir. Sual yarana bilər: bir çox şərq və qərb ölkələrində savadsız insanlar çoxluq təşkil edir, bəs onlar necə dolanır? Bəli, bu artıq bizim daxili problemimizdir. Heç kimdən gizli deyil ki, son 30 ildə Azərbaycan aqrar dövlətdən istehlakçı, daha dəqiq desək, “istifadəçi dövlət”ə çevrilib. Keçmişdə Muğan bölgəsində torpaqların suvarılması üçün yuyulmuş torpaqlardan istifadə olunardısa, bu gün həmin kanallar və yeraltı suvarma sistemləri fəaliyyətsizdir. Torpaqların yuyulması məsuliyyəti sahibkarlara verildiyindən, şoran torpaqlar demək olar ki, yuyulmur. Məhsuldarlıq isə əsasən xaricdən gətirilən genetik modifikasiya olunmuş toxumların və kimyəvi maddələrin hesabına artır. Bu məhsullar hətta yerli bazarın ehtiyacını belə tam ödəyə bilmir.


Nəticədə, sahibkarlar daha az torpaq və işçi qüvvəsindən istifadə etməyə məcbur olur. Suvarma, toxum və digər ləvazimatların bahalı olması, yerli istehsalın isə çatışmaması vəziyyəti daha da çətinləşdirir. Əgər bir vaxtlar Azərbaycan digər respublikalara toxuculuq məhsulları ixrac edirdisə, bu gün hətta yerli bazarda yerli istehsal olunan toxuculuq mallarını tapmaq çətindir. Bundan əlavə, kəndli təsərrüfatına ən böyük zərbə yerli məmurların fəaliyyəti ilə vurulur. Müxtəlif süni maneələr və monopoliyaları, eləcə də otlaq sahələrinin sahibkarlara satılmasını nəzərə alsaq, kəndlilərin vəziyyəti daha da ağırlaşır. Nəticədə, kəndlilər heyvandarlığı tərk edərək, sənaye sahələrinin və tikinti bumunun yaşandığı şəhərlərə üz tutur. Təbii ki, bunu əsasən rayon səviyyəsində orta təbəqə edir. Kasıb təbəqə isə gündəlik yaşayışını dövlətdən aldığı pensiya və ya müavinətlərlə davam etdirir.


Hörmətli oxucu, deyəsən, sizi uzaqlara aparmışam...?! Buna görə də qayıdaq erkən və tez dağılan nigahlar mövzusuna. Bu gün diqqət yetirsək, erkən nigahların bir və təəssüf ki, tək səbəbi sosial-iqtisadi şəraitdir. Övladına təhsil verə bilməyən valideyn, onun gələcəyini təmin edəcəyinə ümidini itirərək, erkən evliliyi yaşayış və dolanışıq mənbəyi kimi görür. Çünki heç bir valideyn öz övladının pis olmasını istəmir. Valideynlər yaxşı başa düşür ki, ya övladını erkən evliliklə bağlamalı, ya da bir müddət sonra o, dolanışıq üçün şəhərlərdə iş axtaracaq və təhsilsiz qız üçün şəhərdə barlar, masaj salonları və xidmətçilikdən başqa iş imkanları məhduddur.


Buna görə də, hörmətli oxucu, seçim bu gün o gənc qızların deyil, bizim əlimizdədir. Gələcəyimizi necə görmək istəyirik, bu da bizim seçimimizdir.


Əhməd Rəhmanov . Müstəqil Həmkarlar Birliyi : Hüquq müdaficisi.