Müasir Azərbaycan ictimai və ədəbi mühitində sözü əmələ, qələmi mövqeyə çevirən ziyalılar az deyil. Onlardan biri də şair, publisist və ictimai xadim Tapdıq Abış oğlu Əlibəylidir.
Tapdıq Əlibəyli Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyi, vətəndaş həmrəyliyi ideyalarına sadiqliyi ilə seçilən şəxslərdəndir. O, uzun illər boyu cəmiyyətin ictimai proseslərinə biganə qalmamış, milli maraqların qorunması, vətəndaş təşəbbüslərinin dəstəklənməsi, ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. İctimai fəaliyyətində prinsipiallıq, məsuliyyət və vətənpərvərlik onun əsas səciyyəvi xüsusiyyətləridir.
Tapdıq Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olmuşdur. Orta təhsilini Hamarkənd kənd orta məktəbində yüksək nailiyyətlərlə başa vuraraq tərifnaməyə layiq görülmüşdür. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində almışdır. Gənclik illərindən elmi, ədəbi və ictimai proseslərə maraq göstərən müəllif zamanla bu sahələrdə davamlı və məqsədyönlü fəaliyyət ortaya qoymuşdur.
Tapdıq Əlibəylinin yaradıcılıq yolu zəngin və çoxşaxəlidir. Onun qələmindən indiyədək 22 kitab və 1 audio-disk işıq üzü görmüşdür. Şeirlər, publisistika, poema və analitik yazılardan ibarət bu əsərlər müəllifin poetik dünyagörüşü ilə yanaşı, vətəndaş düşüncəsinin də parlaq ifadəsidir. “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Söz dərgahına merac”, “Könül ziyarəti”, “Qəlbdən qələmə” kimi şeir toplularında insan və zaman münasibətləri, mənəvi axtarışlar, torpaq və vətən sevgisi poetik dillə təqdim olunur.
Publisistik kitabları – “Yol gedənindir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Ziyalı ömrü”, “Sözün dan yeri” və digərləri isə ictimai düşüncəni formalaşdıran, oxucunu cavabdeh mövqeyə səsləyən sanballı əsərlər kimi dəyərləndirilir. Xüsusilə 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Payız çöhrəsində yazdı 44 gün” adlı kitab Tapdıq Əlibəylini müasir Azərbaycan vətənpərvərlik poeziyasında ilkə imza atan şair-publisistlərdən biri kimi tanıtmışdır.
Onun elmi və publisistik məqalələri “Konstitusiya”, “Türk dünyası ağsaqqalları”, “Bütöv Azərbaycan”, “Azərtayms”, “Örnək”, “Kredo” və digər mətbu orqanlarda dərc olunmuşdur. Müxtəlif kitablara yazdığı ön sözlər, rəylər və tənqidi yazılar da daxil olmaqla müəllifin 50-dən artıq elmi və publisistik məqaləsi oxuculara təqdim edilmişdir.
Tapdıq Əlibəyli Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsi və İdarə Heyətinin üzvü, eyni zamanda “Heyrət” dərgisinin və “Konstitusiya” qəzetinin təsisçisidir.
Ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən müəllif “Qızıl qələm” media mükafatına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplomu”na, “Hərbi vətənpərvərlik - 80” yubiley medalına, eləcə də bir sıra nüfuzlu elmi və mədəni qurumların diplom və təşəkkürnamələrinə layiq görülmüşdür.
1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Tapdıq Əlibəyli hazırda VHP-nin Nizami rayon təşkilatının Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir. O, partiya işində təmkinli davranışı, təşkilatçılıq bacarığı və prinsipial mövqeyi ilə seçilir, müxtəlif dövrlərdə ictimai və siyasi təşəbbüslərdə fəal iştirak edərək ətrafındakı insanların hörmət və etimadını qazanmışdır.
Bu gün də Tapdıq Əlibəyli sözə sədaqəti, əqidəyə bağlılığı və vətəndaş mövqeyi ilə müasir Azərbaycan ziyalısının dolğun portretini yaradan qələm adamı kimi fəaliyyətini davam etdirir.



0 Yorumlar