İnsanlar da kitablar kimidir. Oxuduqca kitabları, ünsiyyət qurduqca insanları tanıyırsan, bələd olursan. Kimliyini, hansı məqsəd-məramda olduğunu və daxilən, ruhən nəyə kökləndiyini bildikcə münasibətlərdə də heç bir əngəl, maneə olmur. Elə insanlar da var ki, ilk səhifəsindən məzmunu bəlli olan kitablar kimi, elə ilk görüşdən də ürəyinə yatır, onunla həmsöhbət olmaq maraqlı tarixə çevrilir. Şairə-publisist Nəsibə İsrafilqızı da belə insanlardandır. Canında, qanında Vətən, millət sevgisi olan bu xanım həyat və yaradıcılığını da bu istiqamətdə kökləyib. Vətənpərvər xanım kimi hər zaman el-obasına, yurd-yuvasına, millətinə bağlı insandır. Uzun illərdir həsrət qaldığı doğma ocaqlara, ata-baba torpaqlarına qovuşmaq ümidi ilə yazıb, yaradır. Onun “Vedimə qaytarın, Vedimə məni" şeiri şairin həsrət nəğməsinə çevrilib. 

Vətənə bağlılığı, sevgisi hələ uşaq yaşlarından özünü büruzə verib. Nəsibə İsrafilqızı Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd məktəbində oxuduğu zaman poeziyaya həvəs göstərmiş, körpə qəlbinə sığmayan hisslərini uşaq zəkası ilə kağıza köçürmüşdür. Özünün də dediyi kimi, 6-cı sinifdə oxuyanda eşidir ki, xalq şairi Səməd Vurğunun yubileyi münasibətilə şeir müsabiqəsi keçiriləcək. Bu münasibətlə məktəbdə gedən hazırlıq prosesində şagirdlər şairin şeirlərini əzbərləyirlər. Məktəbli Nəsibə isə qəlbinə hakim kəsilən hisslərini özü şeirə çevirmək qərarına gəlir. Beləcə, balaca qızcığazın poeziya dəryasına baş vurmağı “ Vurğunun" adlı şeir ilə başlayır. İlk kövrək addımlarını atan balaca Nəsibəni bu hadisə daha da ruhlandırır. O, könül dünyasının nəğmələrini qələmin köməyi ilə ağ vərəqlərə köçürüb, dilə gətirir. 

Təəssüflər olsun ki, mənfur Ermənistanın uzun illər davam edən işğal siyasəti yenidən baş qaldırır. Qonşu dövlət Azərbaycan ərazilərində özünə məskən salmasına baxmayaraq, Qərbi Azərbaycan və Qarabağ torpaqlarına da göz dikir. Bu yerləri tamamilə azərbaycanlılardan boşaldaraq öz əraziləri kimi dünyaya təqdim etməyə çalışır. Beləcə, məlum 1988-ci il hadisələri başlayır. Qarabağda ilk qığılcımları alışan xain niyyətləri Qərbi Azərbaycan torpaqlarında qısa müddət ərzində daha da alovlanır. Qədim yurd yerlərimiz tamamilə boşaldılır. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşməklə yanaşı, bütün var-dövlətlərindən də olurlar. Vedibasar mahalının Xalisa kəndindən məcburi köç edən Nəsibə xanımın ailəsi ilkin olaraq Füzuli rayonunda yerləşməli olurlar. Nəsibə də təhsilini burada davam etdirir. Beləliklə, balaca qızın qəlbində qaynayan şeiriyyat dünyası özünə ikinci bir yol açır. Dönüşü bilinməyən həsrət, hicran və qüssə dolu yolayrıcında qalan Nəsibə yaradıcılığında fərqli mövzuya daha çox yer verir. Əgər o zamana kimi məktəbli qızın şeirlərinin ünvanı doğma el-oba, onun gözəllikləri, təbiəti və qəhrəman insanları idisə, köçkünlük həyatı ona Vətən həsrətli şeirləri yazmağı öyrədir. Vətəndə Vətən həsrəti çəkən şairin içində püskürən vulkana qalib gələn gənc qız bütün varlığı ilə şeiriyyata bağlanır. Şeirləri “Araz" mətbəəsində çap olunduqca həvəsi daha da alovlanır. 

Bir müddət sonra Bakıya köçən ailənin yurd həsrəti daha da alovlanır. Bütün bunların canlı şahidi olan Nəsibə İsrafilqızı içini göynədən həsrət odunu “Vətən bayatıları" adı ilə yazmağa başlayır. Doğma Vedibasarı tərənnüm etməyə başlayır. “Mən də o kənddənəm, o kənddən, qardaş",”Qarabağ nəğmələrim", “Könlümün səsi", “Ağrı dağın görəydim kaş" və digər kitabları araya-ərsəyə gətirdikcə Nəsibə xanımın poeziya yolunda addımları daha da mətinləşir. 

Onun yazdığı qəlb çırpıntıları, ülvi hisslərin təcəssümü olan şeirləri bir çox mahnıların mətninə çevrilir. Bəstəkarlar Nəsibə İsrafilqızı yaradıcılığına müraciət etdiyi kimi, müğənnilər də sevə-sevə həmin mahnıları ifa edirlər. İlk işbirliyi SSRİ xalq artisti Lütfiyar İmanovla başlayır. Əməkdar artist Nuriyyə Hüseynovanın ifa etdiyi “Türk oğlu" mahnısı bütün Türk dünyasının himninə çevrilir. Daha sonra bu işbirliyi xalq artisti Gülyanaq Məmmədova ilə davam etdirilir. Onun sözlərinə yazılan mahnıları hazırda bir çox Xalq və Əməkdar artistlər ifa edirlər. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya həsr etdiyi “Mübarək qadın" adlı şeirinə yazılan mahnı isə bir çox dinləyicinin ürək sözlərinə çevrilib. 

Onun şeirləri Azərbaycanın hüdudlarından kənarda, xüsusilə, qardaş Türkiyədə sevilərək səsləndirilir. 15 kitab və 100-ə yaxın mahnı müəllifi olan Nəsibə İsrafilqızı musiqi təhsili almasa da, daxili tələbatı və istedadı sayəsində şeirlərinin bir qisminə özü musiqi bəstələyib. Zəfər gününə hazırlanan “Qarabağ nəğmələrim" adlı kitabda 44 nəğmə, 44 rəy cəmlənib. Sözləri və musiqisi özünə aid olan “Turan odası" mahnısını isə xalq artisti Samir Cəfərov oxuyub. Tez-tez qazi və keçmiş döyüşçülərlə görüşən Nəsibə İsrafilqızı bu görüşlərin ona yeni ruh, nəfəs verdiyini xüsusi vurğulayır. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən sonra onun ən çox səfər etdiyi yerlər işğaldan azad edilmiş ərazilərdir. Şuşada, Cıdır düzündə qəhrəman oğullar qarşısında şeirlərini səsləndirən müəllif bütün bunlardan qürur duyduğunu və onu yeni yaradıcılıq uğurlarına həvəsləndirdiyini bildirir. 

“Vətən aşiqləri" kitabı da bu qəbildəndir. Müəllif sadəcə poeziya ilə kifayətlənməyib. Onun araşdırma məhsulu olan bir çox kitab və geniş məqalələri var. Bunlardan biri də Vedibasar mahalının igid oğlu, erməni qəsbkarlarına qanudduran Abbasqulu bəy Şadlınskiyə həsr olunmuş kitabdır. 2006-cı ildə nəşr edilən kitab Təhsil Nazirliyi tərəfindən bəyənilərək orta məktəblərdə dərslik kimi paylanılıb. Ümumiyyətlə, Nəsibə xanımın Azərbaycanın qəhrəman oğullarına həsr etdiyi əsərləri çoxdur. Onun Milli Qəhrəman general Polad Həşimova ithaf etdiyi “Nər oğlum"adlı şeri əsasında bəstəkar Məmməd Cəfərovun yazdığı Kantata 2021-ci ildə Heydər Əliyev adına Sarayda Zəfər gününə həsr edilmiş tədbirdə böyük coşqu ilə qarşılanıb. Nəsibə İsrafilqızının bu əsəri qəhrəman Azərbaycan oğullarının ümumiləşmiş obrazı və bütün döyüşçülərə həsr edilmiş poemadır. Qəhrəmanlıq və xalq birliyi, məhəbbəti qabarıq şəkildə və böyük ustalıqla yazılan əsərdə Azərbaycan oğlunun keçdiyi şərəfli döyüş yolu əks etdirilib. Şair və bəstəkarın bir-birini tamamlayan işi möhtəşəm musiqi əsərinə çevrilərək geniş dinləyici sevgisi qazanıb. Nəsibə İsrafilqızının yaradıcılığı bir çox qələm adamları tərəfindən bəyənilib, yüksək qiymətləndirilir.

Qəlbi Vətən həsrətilə alışıb yanan şairin yaradıcılığının əsas mövzusu da məhz vətənpərvərliklə, doğma yurd yerlərinin tərənnümü ilə bağlıdır. İndi onun ən yaxın dostu, sirdaşı tərənnüm etdiyi Azərbaycanın igid oğullarının anaları-müqəddəs şəhid analarıdır. Ürək çırpıntılarını, qəlb döyüntülərini mirvari kimi misralara düzən Nəsibə İsrafilqızı yazır:

Pətəkdədir diləyimin ballısı, 

Gözəl lalə toy-nişanın xallısı,

Çalınacaq ulu Turan yallısı. 

Coşub, çağlayacaq nəğməkar dillər, 

Müharibə istəmirik, ay ellər. 

Şair bütün tribunalardan, “müharibə istəmirik” şüarını səsləndirməklə bərabər, xalqların, millətlərin sülh, əmin-amanlıq şəraitində, mehriban qonşuluq mühitində yaşamasını arzulayır. Onun yurda, elə və xalqa olan sevgisi dövlətin siyasi xəttinə uyğun olaraq bir sıra dövlətlərlə dostluq əlaqələrində birləşir.

Yeri gəlmişkən qeyd edim ki, Zəfər Gününün 5 illiyi münasibətilə qardaş Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “Zəfərimiz mübarək!” adlı möhtəşəm tədbirdə Nəsibə İsrafilqızı da iştirak etdi. Sözləri şairəyə, musiqisi isə Fərahim Sadiqə məxsus “Türksoy” mahnısı Azərbaycan və Özbəkistan Respublikalarının Xalq artisti Gülyanaq xanım Məmmədovanın ifasında bütün Türk dünyasının alqışları ilə qarşılandı. 

Şairə-publisist Nəsibə İsrafilqızı AYB-nin və AJB-nin, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, «Qızıl qələm» media mükafatı laureatıdır. BMT yanında Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısıdır. «Məmməd Araz», «Xan qızı Natəvan » və s. mükafatlar laureatıdir». “Böyük Zəfər”, «Milli Ordu-100 və AVMVİB -25» xatirə medallarının mükafatçısıdır. «El Gücü «Beynəlxalq Humanitar Assosiasiyasının Beynalxaq əlaqələr şöbəsinin müdiri, Qərbi Azərbaycan İcmasının Qadınlar şürasının ilk sədri kimi mühüm vəzifələri layiqincə yerinə yetirir. Müxtəlif televiziya və radio verilişində, dövrü mətbu orqanlarda vaxtaşarı çıxış edən şairə həm də «MEHRİBAN» xanımlar qrupunun rəhbəri, «Vedibasar qəzetinin redaktorudur. «ƏSİLZADƏLƏR MƏCLİSİNİN»-nin üzvüdür. Vətənpərvər şairə Nəsibə İsrafilqızı bir çox mükafatlara layiq görülüb. 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi" medalı ilə mükafatlandırılıb. 

İnanır ki, yaxın gələcəkdə Köç karvanları Qərbi Azərbaycan ellərinə üz tutacaq. Böyük Qayıdış planı Qarabağ və Şərqi Zəngəzur bölgəsi ilə məhdudlaşmayacaq. O zaman yurda dönən Nəsibə İsrafilqızının yaradıcılığında yeni mövzular yer alacaq. Ağrı dağının kölgəsində mürgüləyən kəkliyin, qara qayaların dibində bitən bənövşənin, dağların sinəsinə zümrüd qaşı kimi dağılan qız-gəlinlərin gülüşləri ona ruh verəcək. Daha şövqlə doğma yurdunu öz şeirlərində yeni ovqatla tərənnüm edəcək.


Salam, Ayım, Günəşim,

Odlar Yurdum, atəşim.

Zaman gülsün üzümə,

Cahana çatsın səsim.

Bağları bəhərləyin,

Hər yanı çəpərləyin.

Turana yol alırıq,

Atları yəhərləyin.

Haçalanıb dillərim,

Bada gedib illərim.

Nəğmə desin bir dildə,

Bütün Turan ellərim.


Ağrılarını, acılarını, Vətən həsrətli göz yaşlarını ürəyin dərinliyində gizlədib “Mən xoşbəxtəm, qismətimi ulu Tanrı özü yazıb” deyən Nəsibə İsrafilqızı əsl xoşbəxtliyini doğma Vedibasar mahalının Xalisa kəndinə döndüyü gün “Vedimə qaytarın, Vedimə məni" kəlamları ilə inşallah öz təsdiqini tapacaqdır.


Azad oldu Qarabağım, 

Xəbər çatdı Rəvan xana.

Gülür müqəddəs bayrağım, 

Yol alırıq Vedimizə, Göyçəmizə,

Yol alırıq Zəngəzura,

Gözün aydın olsun, Ana...

Biz gedirik İrəvana...!


P.S Hörmətli oxucular, onu da qeyd edim ki, Vətəninə, xalqına, Qərbi Azərbaycanına əvəzsiz xidmətləri olan, doğma yurdunu, el-obasını, dövlətini və dövlətçiliyini hər kəsə nümunə olacaq dərəcədə sevən, onun inkişafını, uğurlu xarici siyasətini, qüsursuz dövlət idarəçiliyini, möhtəşəm Qarabağ zəfərimizi, Turan ideologiyasına köklənən dövlət strategiyasını və daha nələri-nələri möhtəşəm formada təbliğ edən vətənpərvər şairə, ictimai xadim, nümunəvi ana Nəsibə İsrafilqızı bu günlərdə doğum gününü qeyd edəcək. 

Bu münasibətlə onu bütün vətənpərvərlər adından səmimi qəlbən təbrik edir, özü gözəl, sözü gözəl, qəlbi gözəl Vətən həsrətli şairəmizə öncə cansağlığı, yeni-yeni uğurlar və ata yurdu Vedibasarda görüşmək arzusu ilə deyirəm:

- Tanrı Sizi qorusun, Nəsibə xanım!



   

 Ramidə YAQUBQIZI  yazıçı-publisist