Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:


- Dövlət Gömrük Komitəsi son günlər yalnız "deputat fırıldaqçılığı"nı açıqlamaqla deyil, həm də rəqəmsal işləri ilə gündəmdədir.


DGK fiziki şəxslərin xaricdən aldığı malların daha effektiv formada gətirilməsini təmin edən "Smart Customs" rəqəmsal həllini xeyli təkmilləşdirib və yeni versiyanı təqdim edib.


Artıq hər bir şəxs bu resursla sifarişlərini izləmək, bəyannamə və bağlamaların statusu haqqında bildirişlər almaq imkanı qazanıb.


Dizaynı yenilənən "Smart Customs"da istifadəçi rahatlığı təmin edilib.


CROCUSOFT şirkəti bu mobil tətbiqdə üz tanıma və barmaq izi funksiyalarını da əlavə edə bilib.


DGK-nın bu faydalı rəqəmsal həlli şəffaflığın təmin edilməsində,  ölkədə e-ticarətin inkişafında, toplanan datalar vasitəsilə daha effektiv qərarların qəbul edilməsində mühüm rol oynayır.


***


Vilayət Quliyev, filologiya elmləri doktoru:


- Çox böyük ehtimalla, YUNESKO Baş Assambleyasının 2023-cü ildə keçiriləcək sessiyasında 15 dekabr - Beynəlxalq Türk Dili günü elan olunacaq. Niyə 15 dekabr? 1895-ci ilin həmin günü Danimarka dilçisi Vilhelm Tomsen Danimarka Kral Akademiyasının illik yığıncağında Orhun abidələrinin türk mənşəli, burada runik əlifba ilə yazılan mətnlərin türk dili abidəsi olduğunu elan etmiş və bununla da nadir yazının mənşəyi ilə bağlı mübahisələrə son qoyulmuşdu.


Ahıska türkü, böyük türkoloq-alim Məhərrəm Erginin (1923-1995) Orhun abidələri haqda yazdığı aşağıdakı ilhamlı sətirlər isə heç şübhəsiz, bir neçə monoqrafiyaya mündəricə ola bilər:


"Türk adının, Türk millətinin isminin keçdiyi ilk türkcə mətn... İlk Türk tarixi... Daşlar üzərinə yazılmış tarix. Türk dövlət adamlarının millətə hesab verməsi, millətlə hesablaşması... Dövlətlə millətin qarşılıqlı vəzifələri... Türk nizamının, Türk törəsinin, Türk mədəniyyətinin, yüksək Türk kültürünün böyük vəsiqəsi... Türk əsgəri dühasının, Türk hərb sənətinin əsasları... Türk qürurunun ilahi yüksəkliyi... Türk əmin-amanlıq və fəzilətinin böyük örnəyi... Türk ictimai həyatının ülvi tablosu... Türk ədəbiyyatının ilk şah əsəri... Türk xitabət sənətinin əlçatmaz zirvəsi... Hökmdaranə əda və ehtişamlı xitab tərzi... Birbaşa və kəskin üslubun heyrətamiz nümunəsi... Türk milliyyətçiliyinin təməl kitabı. Bir tayfanı bir millətə çevirən əsər... Əsrlər arxasından milli istiqaməti aydınlaşdıran işıq. Türk yazılı dilinin ilk, fəqət xarüqəladə işlək örnəyi... Türk yazı dilini miladın ilk əsrlərinə aparıb çıxaran dəlil. Türk ordusunun quruluşunu ən azı 1250 il əvvələ götürən vəsiqə. Türklüyün ən böyük iftixar vəsiləsi olan əsər. İnsanlıq aləminin sosial mündəricə baxımından ən mənalı məzar daşları..."


***


Günel Abbas, jurnalist: 


- Aqil Abbasın Milli Məclisdəki çıxışı ilin ən yaxşı deputat çıxışı seçilməlidir!


Asif Nərimanlı, jurnalist: 


- Qarabağda separatçı-terrorçu rejim "geniş funksiyalı polis qoşunları" yaradır: separatçı "qoşun"un vəzifəsinə qondarma rejimin "müdafiəsi" də daxildir;


Bu addımın iki mümkün səbəbi var:


Birincisi, erməni qoşunların bölgədən çıxarılmasından sonrakı dövrə hazırlıqdır: 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapan bu məsələnin sərhədin delimitasiya və demarkasiyası prosesində icrası qaçılmaz olacaq, çünki Bakı və İrəvan delimitasiya müqaviləsi imzalayacaqsa, erməni qoşunlar Azərbaycan sərhədlərinin daxilində qalmamalıdır;


İkincisi, separatçıların "müdafiə ordusu" adlandırdığı silahlı dəstələri ləğv edilir: erməni mənbələr zaman-zaman separatçı "ordunun" ləğv ediləcəyi haqda məlumatlar yayır; qondarma "polis qoşunları"nın "müdafiə" işini yerinə yetirməsi, separatçıların "xüsusi polis qüvvələrinin yaradılması müharibədən sonra yaranmış vəziyyətlə bağlıdır" sözləri də bu ehtimalı gücləndirir;


Separatçı-terrorçu rejim qondarma "ordu"nun funksiyasını qondarma "polis qüvvələrinə" verməklə antiterror əməliyyatı təhlükəsini neytrallaşdırmaq istəyə bilər, çünki Bakı "erməni silahlı dəstələr tərkisilah edilməlidir" tələbini irəli sürür və terrorçu rejim bu tələb qarşısında kosmetik dəyişikliklə manevr edir.


Bu, separatçıların Qarabağdan təmizlənməsi olmasa da, silahlı dəstələrin kiçilməsi ilə nəticələnə bilər.


***


Murad Əzimzadə, jurnalist:


- Oğlumu bağçadan götürməyə gəlmişəm. Bağçanın foyesində dayanmışam, yanımda yaşlı bir qadın nəvəsinə deyir: "Niyə rusca danışmırsan, bizim dilimizdən rus dili yaxşıdır. O dildə danış!"


P.S. Dərhal Cəlil Məmmədquluzadəyə ürəyimdə rəhmət oxudum, sonra smartfonumdan açıb oxuduğum xəbər portalına refreş verdim. Yazılmışdı ki: "ABŞ Rusiyanı hədəf alıb. Putin pis vəziyyətdə".


***


Sahib Məmmədov, siyasətçi: 


- Yeni nəsil vəzifəlilər yetişib. Dövlət qurumuna, yaxud özəl şirkətə rəhbər vəzifəyə təyinat alırlar. Bəlkə də işlərini də bilirlər, amma insani hissləri yoxdur. İşçisinə heyvan kimi baxır. Belə təbəqə 2 əsr əvvəl vəhşi kapitalizmin olduğu cəmiyyətlərdə yetişmişdi. İndi bunları kim yetişdirib?


***


Afaq Vasifqızı, jurnalist:


- Mən bilmirəm hamı arıqlamaq azarına niyə düşüb. Bilmirəm niyə hamı arıqlamaq azarına yoluxub. On il görmədiyin adamla rastlaşırsan, ilk reaksiyası "nə əla arıqlamısan" və ya "nə yaman kökəlmisən" olur. Bu nə dəbdir belə? Ruh halın necədi? Ürəyində kəpənəklərmi uçuşur? Yoxsa təlatümlü qarğa bazarıdı? Bunu düşünən yox. Banketdə, furşetdə, görüşdə, küçədə-bacada, xeyirdə-şərdə, liftdə iki daşın arasında da... hər yerdə... hər yerdə hamı arıqlamaqdan, necə arıqlamaqdan danışır. İdman, dieta, qaçış, yürüş... Yoruldum artıq. Maraqsızsınız, insanlar... dəyişin temanı, lütfən dəyişin... kitab oxuyun. Hellas...

İlham Rəsulzadə