Əyyub Qiyas Abasov Lənkəranda anadan olub. Ailəsi Sumqayıt şəhərinə köçüb. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində (1986-1990), Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda (1991-1993, Yuri Arabovun sinfi) təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır.

Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru (1988-1990), "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru (1990-1991), "168 saat" qəzetinin baş redaktorunun müavini (1991-1992), "Xəzər" jurnalının redaktoru (1992-1993), "Ziya" mətbuat yayımı agentliyinin direktoru (1993-1997), Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru (1997-2012), "Sahilsiz dəniz" dərgisinin baş redaktoru (2004), "Ulduz" (2004-2014), "Ulu çinar" (2011-2012), "Qobustan" (2014) dərgilərinin redaksiya heyətinin və AYB gənclər şurasının (2004-2014) üzvü olub. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor (2016-2017), "Qanun" nəşriyyatında redaktor (2017) işləyib.

Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. "Mən bir sapand daşıyam ki..." (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub (1996). "Qara işıq" romanı "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb (2004). Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə Əli bəy Hüseynzadə mükafatına (2016), Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə "Qızıl kəlmə" mükafatına layiq görülüb (2017).


Filmoqrafiya:

Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – aktyor (Elçin)

Murad-sad (1988, qısametrajlı bədii film) – aktyor (Murad)

Oyunçu (2008, bədii serial) – redaktor

Susmuş vicdan (2010-2012, bədii serial) – ssenari müəllifi

Sevginin göz yaşları (2013, bədii serial) – ssenari müəllifi

Sonuncu fəsil (2013-2014, bədii serial) – ssenari müəllifi

Tək olanda qorxma... (2013-2015, bədii serial) – ssenari müəllifi

Nabat (2014, tammetrajlı bədii film) – redaktor

Yarımdünya (2015, tammetrajlı bədii film) – redaktor