"Əfsuslar olsun ki, atam bu günü görmədi. Əminəm ki, indi onun ruhu da şaddır".

Bu sözləri BMTV.İNFO-ya açıqlamasında bu gün "Milli Qəhrəman" adı ilə təltif olunan şəhid gizir Pəncəli Teymurovun qardaşı Famil Teymurov bildirib.

Dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirən şəhid qardaşı bu günü çoxdan arzu etdiklərini deyib:

"Bu, Prezidentin Azərbaycan xalqına verdiyi dəyərdir. Ona minnətdarlığımı bildirirəm. Qardaşım şəhid olandan sonra ona Qəhrəman adının veriləcəyini həmişə gözləyirdik. Nəhayət, Prezident arzumuzu yerinə yetirdi".

Qeyd edək ki, Pəncəli Teymurovun atası Nurməmməd Teymurov 2022-ci ilin iyulun 29-da uzun sürən xəstəlikdən vəfat edib.