Qurban Qurbanov "Qarabağ"la "Neftçi" arasında baş tutan görüşlərdə hər iki komandanın baş məşqçisi, həm də paytaxt təmsilçisinin futbolçusu kimi meydana çıxan yeganə şəxsdir.
BMTV.İNFO xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, yalnız bir baş məşqçi hər iki klubun "sükanı arxasında", birinin isə futbolçusu kimi Azərbaycan derbisində iştirak edib.
Hər iki klubla futbolçu kimi derbidə iştirak edən üç mütəxəssis bir komandanın baş məşqçisi kimi də bu həyəcanı yaşayıb. Samir Abasov, Tərlan Əhmədov və Arif Əsədov hər iki komandanın futbolçusu, "Neftçi"nin baş məşqçisi kimi derbidə iştirak ediblər. Əhmədov hər iki komandada qol da vurub.
Dörd futbolçu sonradan baş məşqçi kimi də eyni klubun uğuru üçün derbiyə qatılıb. Əsgər Abdullayev, Samir Əliyev, Füzuli Məmmədov "Neftçi"nin, Elşad Əhmədov "Qarabağ"ın həm futbolçusu, həm də baş məşqçisi kimi derbi həyəcanı yaşayıblar.
Qurban Qurbanovla Samir Abasov derbilərdə bir dəfə meydana "Neftçi"dəki komanda yoldaşı kimi çıxıblar (13.03.2004, "Qarabağ" - "Neftçi" - 1:3).
2006/2007 mövsümündəki iki matçda Qurban Qurbanov "Neftçi"nin baş məşqçisi, Samir Abasov "Qarabağ"ın futbolçusu olublar (18.09.2006, "Neftçi" - "Qarabağ" - 0:0; 27.04.2007, "Qarabağ" - "Neftçi" - 0:2).
2010/2011 mövsümündə Qurban Qurbanov baş məşqçi, Samir Abasov futbolçu kimi "Qarabağ"da 2 derbiyə çıxıblar (08.08.2010, "Neftçi" - "Qarabağ" - 1:1; 03.04.2011, "Neftçi" - "Qarabağ" - 2:0).
Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək növbəti "Qarabağ" - "Neftçi" derbisi noyabrın 9-da saat 18:44-də start götürəcək.



0 Yorumlar