44 günlük Vətən müharibəsində
Azərbaycan xalqının dəmir yumruqtək birləşərək qazandığı şanlı qələbə hərb
tarixinin ən parlaq səhifələrindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin
vurğuladığı kimi: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin,
qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir”.
Azərbaycan torpaqlarının azadlığı
uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur
oğullarımızdan biri də baş çavuş Məmmədov Sahib Yaşar oğlu idi.
Baş çavuş Sahib Məmmədov 1989-cu il
noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində
anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Yaycı kəndindəki Tağı
Qasımoğlu adına 1 saylı orta məktəbdə alıb. Hələ orta məktəbin ikinci sinfində
oxuyarkən idmanın cüdo növü ilə məşğul olan Sahib bu sahədə qazandığı
uğurlarına görə müxtəlif dərəcəli diplom və medallarla təltif edilib.
Müddətli həqiqi hərbi xidmətini
2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək Müdafiə Nazirliyinin “N”
saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə
çalışsa da, hərbçi peşəsinə olan böyük marağı səbəbindən hərbi xidmətə
qayıtmağa qərar verib. Beləliklə, 2011-ci ilin noyabr ayında Daxili Qoşunların
Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi
xidmətə qəbul olunan Sahib Vətənə olan borcunu yerinə yetirməyə başlayıb.
2012-ci ilin yanvar ayından etibarən hərbi hissənin “Bəbir” şərti adını daşıyan
xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən baş çavuş S.Məmmədov əvvəlcə
atəş təminatı qrupunda 60 mm-lik minaatan yarımqrupunda heyət nəfəri, döyüş təminatı
qrupunda təminat yarımqrupunun komandiri, atəş təminatı qrupunda 60 mm-lik
minaatan yarımqrupunun komandiri vəzifələrində, 2017-ci ilin yanvar ayından şəhidlik
məqamına yüksəldiyi günədək isə xüsusi həmlə qrupunda yarımqrup komandiri kimi
xidməti-vəzifə borcunu ləyaqətlə yerinə yetirib.
Nümunəvi yarımqrup komandiri kimi
bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi
heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin, xidmət etdiyi dövrdə yüksək
döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən cəsur hərbi qulluqçu 3-cü dərəcəli
“Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissənin və dəstənin
komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Quba rayonundakı “N” saylı hərbi
hissədə “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstə komandirinin tərbiyə
işləri üzrə müavini, Vətən müharibəsi iştirakçısı kapitan Əhməd İsmayılov (Vətən
müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə
birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də fəxr
hissi ilə qeyd edir: “44 günlük Vətən müharibəsində dəstəmizin şəhid olmuş cəsur
hərbi qulluqçularından biri də yarımqrup komandiri baş çavuş Sahib Məmmədovdur.
Öncə onu qeyd edim ki, Sahib öz üzərində
çalışan bacarıqlı yarımqrup komandiri kimi qarşıya qoyulan bütün tapşırıqları hər
zaman vicdanla yerinə yetirib. Vətənpərvərliyi, cəsurluğu, bir sözlə, müsbət
xarakterik xüsusiyyətləri ilə tabeliyindəki şəxsi heyətə nümunə olub. Tələbkarlığı
ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Ən əsası da bir yoldaş kimi
olduqca mehriban, deyib-gülən, zarafatcıl olmasına rəğmən, hərbi xidmətə olan
ciddi münasibətilə fərqlənib. Məhz buna görə də nümunəvi hərbi qulluqçu kimi
kollektivin rəğbətini qazanmağı bacarıb”.
Vətən müharibəsi başlayanda baş
çavuş S.Məmmədov böyük qürur və düşmənə sonsuz nifrət hissi ilə döyüşlərə
qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən bir
çox yaşayış məntəqəsinin və ayrı-ayrı strateji yüksəkliklərin azad olunması
uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri ilə hərbi anda sadiq
əsl xüsusi təyinatlı olduğunu bir daha sübut edib.
19 oktyabr 2020-ci il… Füzuli-Xocavənd
istiqamətində gedən döyüşlərdən biri Sahibin son döyüşü oldu. Bu döyüşdə dəstə
komandiri mayor Şixamir Qaflanovun rəhbərliyi altında tərkibində Sahibin də
vuruşduğu cəsur xüsusi təyinatlılardan ibarət qrupun şəxsi heyəti tərəfindən
ermənilərin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilərək, mühüm
mövqeləri ələ keçirilir. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər
yüksəkliklərdə yerləşən postlarından itirdiyi mövqeləri snayperlərdən, iriçaplı
silahlardan və minaatanlardan güclü atəşə tutur. Şiddətli döyüşün gedişində
düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində aldığı
ağır qəlpə, həmçinin, güllə yaralanmalarından baş çavuş S. Məmmədov gözlərini əbədi
yumaraq şəhidlik zirvəsinə yüksəlir.
Bu döyüşdə Sahiblə birgə Daxili
Qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin digər 3 nəfər cəsur hərbi
qulluqçusu – mayor Şixamir Qaflanov, baş çavuş Surxay Mehdiyev, çavuş Sənan Ələsgərzadə,
həmçinin, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 8 nəfər xüsusi təyinatlısı
son damla qanlarınadək vuruşaraq şəhid oldular. “Bəbir” şərti adını daşıyan
xüsusi təyinatlı dəstənin digər hərbi qulluqçuları – baş çavuşlar: Toğrul
Ağayev, İlqar Əhmədov, Elçin Məcidov, Tahir Əliyev, çavuşlar: Gözəl İmanov,
Araz Hüseynov, İbrahim Kutulasov, Vüqar Hüseynli, Sənan Qənbərov, Sahil Həsənov,
Məhəmməd Atayev və Orxan Abdullayev yaralanıblar.
Baş çavuş S. Məmmədov 2020-ci il
oktyabrın 24-də Yaycı kəndinin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Prezidentinin 15 dekabr
2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş
çavuş Məmmədov Sahib Yaşar oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın
azad olunmasına görə” medalları ilə təltif edilib.
İbrahim Hüseynovun müəllifi olduğu
“Qələbə şəhidləri” adlı kitabın 2-ci cildində, Manya Səxavətqızının müəllifi
olduğu “Vətən fədailəri – Naxçıvan şəhidləri” adlı kitabın 1-ci cildində və
“Bakı-Xəbər” qəzetinin 13-15 mart 2021-ci il tarixli sayında dərc edilmiş “Müqəddəs
eşqin sahibi”, həmçinin, Alim Ağayevin “Arazın səsi” qəzetinin 19 fevral
2021-ci il tarixli sayında çap olunmuş “Ömür yolu ilə vətənpərvərlik aşılayan şəhidim”
başlıqlı məqalələrdə igid xüsusi təyinatlımızın həyat və döyüş yolu geniş
işıqlandırılıb.
Qeyd edək ki, Sahib Məmmədovlar ailəsində
böyüyüb boya-başa çatmış dörd övladdan biri olub. Atası Yaşar Məmmədov 2013-cü
ildə, qardaşı Ümid isə 2016-cı ildə vəfat ediblər. Anası Çiçək xanımın qeyd
etdiyi kimi, ailə başçısı və kiçik övladı vəfat etdikdən sonra Sahib onun yeganə
ümidi və təsəllisi, bacıları Aysel və Günelin isə tək arxa-dayağı idi: “Mənim
balam çox mehriban, qeyrətli, vətənpərvər oğul idi. Eşitdiyimə görə, müharibə
başlayanda dəstə komandiri ona deyib ki, sən getmə, atan və qardaşın
dünyalarını dəyişib, xəstə anan, üç övladın var. Müharibədir, nə olacağını bilmək
olmaz. Onları yalnız qoyma. Ancaq o, etiraz edib, “Yox, mən getməliyəm! Vətəni
mən qorumayım, bəs kim qorusun?” – deyə etirazını bildiribmiş. Mən övladımla
qürur duyuram, onunla fəxr edirəm. Düzdür, bir ana olaraq onun yoxluğuna görə
çox əzab çəkirəm. Çünki Sahib ailəmizin yeganə arxa-dayağı idi. Amma bir vətəndaş
kimi yenə də deyirəm: Vətən sağ olsun! Çünki Sahib kimi oğullar xalqımızın fəxridirlər”.
2010-cu il oktyabrın 29-da Gülnar
xanımla ailə həyatı qurmuş şəhid hərbi qulluqçumuzun Ayla, Məryəm və Rübabə
adlı övladları yadigar qalıb.
“Şəhidin həyat yoldaşı olaraq, onun
haqqında çox sözləri qeyd etmək olar” – deyən Gülnar xanım bildirdi ki, Sahib
ailəsinə, işinə bağlı çox məsuliyyətli və qayğıkeş bir insan olub: “Biz, sözün əsl
mənasında, Sahibsiz qaldıq. Üç qızına hər zaman “mələklərim” deyən ata, ailəsini
hər şeydən üstün tutan bir həyat yoldaşı idi. Mənə çox sual verirlər ki, “Sahib
niyə döyüşə getdi, getməyə bilərdi”. Amma onlar bilmirlər ki, Sahib elə məhz
ailəsini və Vətənini sevdiyi üçün döyüşlərə qatıldı. Mən ona getmə deyəndə,
Sahibin cavabı: “Mən qardaşlarımı tək buraxa bilmərəm. Ailəmi elə birinci növbədə
mən özüm qorumalıyam” – oldu.
Döyüşdə olduğu müddətdə qısa da
olsa danışırdıq. Hər dəfəsində də sözü ancaq “Övladlarımın atası da, anası da sənsən.
Məndən nigaran olmayın. Özünüzdən muğayat olun” – olardı.
Sahibi on dörd il idi tanımışam.
Özünü yox, ancaq ailəsini düşünən bir insan olub. Sahibsiz həyat çox çətindir.
Lakin onun ailəsinə olan sonsuz sevgisi bizi hər zaman güclü edir”.
Vətən uğrunda canını qurban verən Sahib kimi
oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin








0 Yorumlar