Azərbaycanın ləyaqətli, vətənpərvər övladlarından söhbət düşəndə Sabirabad rayonunun yetirməsi, şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun da adı hörmətlə çəkilir. 

Mübariz sakit təbiətli insan idi, harda olsa el-obaya başucalığı gətirərdi. Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi tələbini irəli sürdükdə Mübariz könüllü surətdə yeni yaradılan bir Tabora daxil oldu. Qısa təlim-məşq toplanışından sonra onları Xocalıya gətirdilər. Bölüyə Aqil Quliyev rəhbərlik edirdi. Onlar yerli əhalinin təhlükəsizliyi naminə əllərindən gələni əsirgəmirdilər.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı soyqırımı baş verəndə Bölük əməkdaşları insanları təhlükəsiz əraziyə aparmağa çalışdılar.Düşmən gülləsinə tuş gələn Hikmət Nəzərli (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib), Hafiz Nuriyev,  Mübariz Şahmurov şəhid oldular. Təəssüflər olsun, M.Şahmurovun meyidini savaş meydanından çıxarmaq mümkün olmadı.

33 il sonra Dövlətimizin gücü sayəsində işğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqlar aşkar edildi. Bu məzarlıqlardan birində şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun da nəşi aşkar edildi.

Oktyabrın 28-də Mübariz Şahmurovun nəşi torpağa tapşırıldı. Mərasimdə Bakı şəhəri Nərimanov, Suraxanı və Nizami rayonlarının icra başçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları, tələbə-gənclər, həmçinin, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirdilər. Çıxış edənlər Dövlət Başçısı cənab İlham Əliyevə və Ölkənin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər.

Şəhidin ailə üzvləri adından əmisi İsmayıl Şahmurov, qardaşı Alim Şahmurov və oğlu Elşad Şahmurov çıxış etdilər.

Daha sonra Mübariz Şahmurovun nəşi torpağa tapşırıldı.

Ruhu şad olsun.Amin.


Şamil Sabiroğlu, jurnalist.

29.10.2025.