Bu gün şəhid zabit, müsavatçı ailəsində doğulmuş Teymur Abbaslının şəhid olduğu günüdür. O, müsavatçı ana Başxanım Abbasovanın oğludur.
Çünki məncə onlar Allahın seçilmişləridir.! Deyirlər Teymur da hər şeydə seçilirmiş. Lakin biz onu vaxtında görə bilməmişik. Seçilmiş şəhidlər haqqında yazmaq üçün gərək sənin ruhun onun ruhu ilə görüşə, danışa, qovuşa...Yoxsa, yazı qısır olacaq.
Yaza bilmirəm. Özümü o yüksəkliyə çatdıra bilmirəm..
Bilmirəm, nə üçünsə "Dəcəl uşaqlar " hamının sevdiyi uşaqlar olur. 44 günlük qələbəmizdə şəhid olanlar haqqında bütün anaların dedikləri bir söz var: "Uşaq vaxtı çox dəcəl idi". Bəlkə də bu "dəcəllik" şəhirdlərə yazılmış Allahın bir proqramıdır.?!
Bilmirəm. Ancaq onu bilirəm ki, uşaq vaxtı hamının sevdiyi "dəcəl uşaqlar"ı öyrənmək bir az çətin məsələdir. Dəcəlliklərinə rəğmən həddindən artıq çox ağıllı və zəkalı olurlar. Belə uşaqlar həm şirin görünürlər, həm də dəcəl olurlar. Dahilərdən birinin belə bir sözü var ki, “Gələcəyin dahi bir insanını yox etmək istəyirsənsə, uşaqlıqda onların dəcəlliyini əlindən al”. Yəni bu uşağın gələcək potensialını əlindən almaq deməkdir. Şəhid Teymur Abbaslı da anası Basxanim Abbasovanın dediyinə görə çox dəcəl olub. Teymur Abbaslının potensial zirvəsi isə onun Şəhidlik zirvəsinə çatması idi.
Deyirlər Şəhidlər ölmürlər və onlar "Allahın dostları"sayılırlar. "Allah dostları" isə insanlar arasında gizli qalarlar.
Allah bir çox şeyləri, nəyinsə içində nədənsə biz tapa bilməyək deyə gizlədir. Məgər elə deyi? Baxın: Məgər Allah insan ölümünün vaxtını, səbəbini, "Quran"da "Qədr gecəsi"ni müqəddəs "Ramazan ayı"nın günləri içərisində gizlətdiyi kimi, elə üstün şəhidləri də bizim aramızda gizlədib. Dünənə qədər yanımızda bizlə oynayan, zarafatlaşan şəhidləri görə bilirdikmi?!
Allahın işlərinə qarışmaq mənlik deyil. bəlkə də gizlədib ki, özləri aşkara çıxarana qədər tapa bilməyək onları... Bəlkə də ona görə gizlədib ki, yaratdığı insanın gönünə bələd olduğu üçün paxıl olduğumuzu bildiyindən tapsaq paxıllıqlarını çəkərik ?! Və bu paxıllığımız, qibtəmiz həsədə çevrilər?! Özünüz də fikirləşin.
Amma elə gözəl gizlədib ki, bizim naqis gözlərimiz onları görə bilmir...Fikirləşin: sabah şəhid olacaq insanı bu gün görə bilsək, hansı hiss yaşayarıq görəsən? Yenə də bilmirəm...
Şəhid adı və anı gələndə sözlər boğazımda düyünlənir, qəhərlənirəm...Görün, indi şəhid atası və anası olmaq nə deməkdir! Kaş, mən Səid və Teymur qarışıq bütün 2883 və əvvəl və sonrakı şəhidlərimizi tanıyaydım, görəydim. Hər biriniz də gələndə ayağa qalxayıdım və "Şəhid!" deyə qışqıraraq hamıya yerində durmasını istəyəydim və deyəydim: "Sən ən ali dərəcəsən, dərəcənin özüsən Şəhid. Sən insan şüurunun fövqündəsən Şəhid".
Biz kimik ki...heç kimik. Çünki dünyanın ən böyük yazarı bizim əsgərdir ki, o, öz silinməz dastanını 44 günə bizə yazdı.
Müharibə xəbərini eşidəndə Teymur Abbaslı dəfələrlə hərbi komissarlığa döyüşə getmək üçün yalvarmışdı, yaxarmışdı...Ona "Sənə çağırış kağızı gələcək" desələr də gözləməyərək səhərisi günü pal- paltarlarını yığaraq evdəkilərlə sanki toya -bayrama gedirmiş kimi sağollaşaraq ən qaynar döyüş bölgəsinə getdi.
“Bayrak ile dolmuş yer,
Herkes Kuran okuyor.
Şehit mi düştün asker?
Her yer Cennet kokuyor”
Qardaşının dediklərindən: Həmin günün axşamı Hadrutda, meşəlikdə mövqe tuturlar. 200-300 əsgər meşənin içərisində yerləşir. Onun da əsgərləri bəlli məsafədə düzülüblərmiş. Tək öz taqımını yox, sağ və sol cinahlarındakı taqımın əsgərlərini də yoxlamaq üçün tez-tez o baş-bu başa gedib gəlirmiş. Çünki gecə və gənc əsgərlər, meşəlik... Əsgərlər qorxmasın deyə, onlara tez-tez baş çəkirmiş. Üç-dörd dəfə gedib-gəlir. Axırıncı dəfə gedəndə onun yanındakılar söyləyib ki, komandir, bir az dincələk, sonra gedərik. Teymur da qayıdıb ki, o zaman siz dincəlin, mən bir baxım... Elə orada ermənilərin kəşfiyyat qrupu ilə üz-üzə gəlib. Teymur onları görməyib. Teymura üç güllə vurulub. Onlardan ikisi zirehli gödəkçəyə dəyib. Biri “bronjilet”in açıq hissəsindən, yan nahiyəsindən keçib bədəninə dəyib. Oktyabrın 12-i gecə Hadrutda həmin güllədən şəhid olub.
...Tanrı ruhunu şad etsin. Əminəm ki, Teymur adlı ruh mələk Allahın yaratdığı cənnətin ən yüksək, pak yerindədir. Allah onu yanına təmiz apardı. O yerin adı Allah ucalığındakı məqamdır. Heç vaxt ölməyənlərin yeridir.
Söz yoxdur deməyə, sözümüz bitib,
Ən gözəl sözü də sən deyib, getdin,
Həyat tonqalında közümüz bitib,
Soyuq ocaqlara od verib, getdin.
Sözardı: Bu qısır yazıya görə hamı məni bağışlasın və bundan sonra Şəhidlər haqqında yazmayacağam.
Baba Allahnəzərov
0 Yorumlar