(ikinci
hissə)
Ağdam... düşmənə aman verməyən, amma düşmənin
amansızlığına məruz qalan, köksü dağ-dağ olan ruhlar şəhəri... Ağdam... amansız
yağılara qarşı keçilməz sipərə çevrilən, güllədən bağrı şan-şan olan əzəmətli
qala şəhərim... Ağdam – adı gələndə düşmənin canına vəsvəsə düşən, cəsur, dəliqanlı
oğullarının baxışlarından xoflanan, qorxudan sarılığını udan qarı düşmənin
iştah çəmbəri, yaxud dəyanətli oğulların qeyrət düşərgəsi... Ağdam – bir yanı
aranlı, bir yanı dağlı, bir yanı cəh-cəhli, bağlı-bağatlı, bir yanı gündüşər
yaşıl ormanlı, bir yanı suların çağladığı yer, bir yanı gur səsli, muğam sədalı,
bir yanı Səxavətli, Arifli, Mənsumlu, Nəzakətli, Təyyarlı doğma diyarım. Səni sənsiz,
sənsiz sənlə yaşadım uzun illər. Ağrılara tab gətirmyim damarlarımda axan “Segah”ın
harayı, acılara dözməyim “Cahargah”ın ərşə qalxan fəryadı idi. Bəlkə də ana
laylası qədər həzin olan “Rast”ın, Allahverdi, Sənan və Yaqub kimi oğulların
qüdrətindən ilhamlanan “Qatar”ın ruhları vəcdə gətirən hikməti olmasaydı,
susuzluqdan quruyan çiçək kimi vaxtsız-vədəsiz solub gedər, düşmən caynağında
didim-didim olan torpağa qarışardım. Qarışardımmı?! Nəfəsim dəyməyən, əlim yetməyən,
ünüm çatmayan torpağa qarışmaq bu qədər asan idimi bəyəm?! Bilmirəm.
Daş üstündə
daş qalmayıb, daşdan da qisas alıblar. Daşların bağrı da güllədən deşik-deşik
olub. Daşlar da köksündə qəlpə gəzdirir, ağaclar da. Hərdən düşünürəm ki, kaş mən
də daş olaydım, sinəmdəki yaraları min illərin o üzünə daşımaq üçün... Çünki həsrətli,
ələmli, niskilli ömrümü başa vurandan sonra köksümdəki qəlpələrlə birlikdə
gömüləcəm qara torpağa. Unudulacaq... dərdlər də, sevinclər də, düşmənə olan
nifrət də, aldığım yaralar da. Unutqanlıq ruhumuzdadır deyəsən. Düşmənin nə qədər
əzazil, zalım, qəddar olduğunu bu qədər tez unuduruq təəssüf ki.
Ağdam...
xarabalığın rəngsiz illüstrasiyası... Sənə baxmaq cürət istəyir, təpər istəyir.
Qollarımı boynuna dolamaq, sarılmaq, hönkür-hönkür ağlamq keçir könlümdən. Şəhidlərin
qanından boy atan ağaclardan utanıram. Susuzluqdan quruyan çinarların xiffəti
göynədir içimi. Dəli-dolu oğulların harayı, Bəxtiyarın, Əlinin vaxtsız axıdılan
qanı, Xuraman ananın ağbirçək öyüdü parçalayır qəlbimi.
Ağdam... səni
kərpic-kərpic, səni mismar-mismar söküblər. Çünki sən onlara qənim idin əzəldən.
Ona görə də qisas almağa çalışdılar. Odlara qaladılar.
Nə qədər
ağrılı, göynərdici olsa da, sinəm göyüm-göyüm göynəsə də, viranəlikdən boy atan
çiçəklər ümid işığı kimi qabardır sinəmi. Yenilməz oğulların rəşadətini düşünəndə
44 günün hikməti silkələyir ruhumu. Hicran, ayrılıq, niskil dağarcığına dönən qəlbim
bir anda riqqətə gəlir. Qürur hissi silkələyir vücdumu. Şükür edirəm, şükür
edirəm ki, tarixlərə imzasını həkk eləyən yenilməz bir xalqın övladıyam.
Artıq
yenidən boy atırsan, sənə dönən oğullar sənə nəfəs verib cana gətirməkdədir.
Artıq məhəllələr sıralanıb, küçələr boy verib.
Veteran
qardaşımız İlqar əyləci basmasaydı, bəlkə də avtomobildə olduğumu hələ gec
xatırlayacaqdım. Gördüklərim xəyallarıma qoşulub üz tutmuşdu qərbə tərəf.
Arzularımın çiynində Əsgəran istiqamətində irəliləyirdik.
-Yaman xəyala
dalmısan, - İlqar dilləndi.
Nəsə demək
istəsəm də, bacarmadım. Səsim batmışdı elə bil. Hiss etdim ki, kövrəlmişəm möhkəmcə.
-Səsin
çıxmır, dağlar oğlu? – İlqar bir daha səsləndi.
Könülsüz-könlüsüz
cavablamağa çalışdım.
-Az öncə yolun kənarında bir tank gördüm, deyəsən
düşmən tankı idi.
-Bəli, əsgərlərimizin
əl işi idi, sənət əsəridir. Onu muzeyə qoyub gələcək nəsillərə göstərmək
lazımdır.
İlqar
sözünü tamamlamamış Təvəkkül müəllim (təqaüddə olan polis rəisi) dilləndi:
-Doğrudan
da gözəl yerlərdi. Düşmən yaxşı bilir harada yaşamaq lazımdır. Ona görə də hər
qərinədənbir iştahlanır. Bizimkilər də cavabını verib geri oturdur. Amma bu dəfə
birdəfəlik kəsdilər ayaqlarını. İnanıram ki, bir daha bu torpağa ayaq basa bilməyəcəklər.
-İnşallah
ki, elə də olacaq, rəis.
Yenə də
sükut çökdü.
Yol növbəti
dəfə burulanda qala divarları ilə üzbəüz idik.
-Saxla,
saxla!
Səsim yüksəlmişdi
deyəsən.
Ağcabədi
qış yataqlarına bu yol aparırdı bizi. O zaman orta məktəbdə oxuyurdum. Hər dəfə
qışlağa gedəndə sürücüdən xahiş eləyirdim ki, avtobusu saxlasın, Əsgəran
qalasını ziyarət edim. O da ironiya ilə üzümə baxıb artırırdı sürəti. Ümid eləyirdim
ki, növbəti dəfə gələndə başqa sürücü olacaq, yəqin o, məni başa düşər. Amma o
da əvvəlki kimi fərqinə varmadan qazı artırırdı. Mən də sürücünün qarasına o qədər
deyinirdim ki... Cümhuriyyət dövrünün generallarının o qala ətrafında düşmən
ordusuna qarşı mübarizəsi haqqında xəbərləri yoxdumu görəsən?! Nəsib bəy Yusifbəylinin
düşmənə vurduğu zərbədən, itki verilsə də qalanın düşməndən təmizlənməsindən xəbər
tutmayıblarmı sürücü əmilər?! İnsan keçmişinə bu qədərmi laqeyd olar?! Elə hey
gileylənirdim.
Bu dəfə
İlqar sükanı sola burdu. Avtomobil yoldan çıxıb qala qapısında dayandı. İllərin
həsrəti gözlərimdə nəmə çevrildi. Daşların yanağını oxşayırmış kimi sığal çəkdim.
Köksünə qısıldım qalanın. Analıq hissini duymaq çətin deyildi. Qollarımı
boynuna doladım. Öpdüm yanaqlarından. Asfaltdan qalxan ilğım yanağımı qarssa
da, məmnun idim halımdan. Amma düşüncələrimin narahatlığı hələ də içimdə idi.
Görəsən bu möhtəşəm, əzəmətli qalanı yararaq yol çəkmək o qədər vacib idimi?!
Qalanın alt hissəsindən çəkmək mümkün olduğu halda niyə bunu etmədilər?!
Düşündükcə elə zənn etdim ki, yarılmış divarın yaralarından qan sızır.
Qala divarlarına
toxunanda mənə elə gəldi ki, əcdadlarımızın nəfəsini duydum. Qılıncın, qalxanın
səsini, atların kişnərtisini eşitdim. Duyğulandım bir daha. 44 günlük savaşın cəsur
döyüşçüləri sanki əl eləyirdi kənardan. Beləcə, şükür duamı etdikdən sonra
günümüzü şəkilləndirib yola rəvan olduq.
Qarşıda
Xocalı vardı. Sinəmizin göynərtisi, qaysaq tutmayan yaralarımızın ağrısı, illəti.
Düşmənin ən çox işgəncə verdiyi, əzaba düçar etdiyi, qoca, cavan demədən zillət
verdiyi, əhalisini soyqırımına məruz qoyduğu, köksündə həm də 366 yaranın
olduğu Xocalıya tərəf gedirdik. Sanki havada qan qoxusu vardı. Mənə elə gəldi
ki, ətrafdan boylanan çiçəklərin hər biri bir şəhidin surətidir. Həm də
baxışlarında qürur, məmnunluq var. Çünki əzəli və əbədi sahiblərinin ayaq
tappıltısını rahatlıqla duya bilirlər.
Sehirli aləmə
düşmüşdüm. Sanki çiçəklər məni haraylayır, “mənə də bax, mənə də sığal çək, məni
qə qoxla” deyirdi. “Bir qalanın sirri” filmindəki Elşən zənn etdim özümü. Dil
açan kitablar “məni oxumasan çiçəklərin, quşların sirrini öyrənə bilməyəcəksən”,
- deyirdi. Burada isə çiçəklər haray salıb: “məni qoxlamasan filan şəhiddən xəbər
tutmayacaqsan” - deyə hıçqırırdı elə bil. Aman Allah, necə də dəhşətli mənzərə
idi.
Hava
limanını öz canı, qanı bahasına qorumağa çalışan Əlifin, silahsız, ayaqyalın,
başı açıq camaatın təhlükəsiz yerə çıxarılmasında fədakarlıq göstərən Tofiqin, əhalinin
ölümdən qurtulması üçün düşmənin qarşısına ətdən sipər çəkən Ələsgərin, isti
ocağının, ana yurdunun yağmalanmasına göz yummayan, düşmənə qan udduran David və
Şahin qardaşlarının, Sərvanın, qəhrəmanlıq dastanı yazan Füzulinin, Eldarın,
İbrahimin, qorxmazlıq mücəssiməsi İslamın, Hikmətin, Telmanın, Orduxanın, düşmənin
kabusuna çevrilən Arazın, cəsarəti ilə hər kəsə örnək olan Aqilin və 2 yaşlı
Nişanənin, 1275 girovun, tamamilə məhv olan 8 ailənin, yaşlı nənə-babaların,
dilsiz körpələrin və hələ də vücudunda qəlpə gəzdirən qazilərin fəryadı
yolumdan əylədi məni. Hıçqırtımı boğa bilmədim. Düşmənin vəhşiliyinə, məkrli
xislətinə, əqidəsinə, amansızlığına lənət oxuya-oxuya özümü ovundurmağa
çalışdım. Amma faydası yox idi. Hündür binaların qarşısından keçərkən əlində
bayraq yelləyən bir uşağa sataşdı gözüm. Üçüncü mərtəbənin eyvanından
boylanırdı, dağların arxasından yenicə boylanan günəş kimi... Sanki “xoş gəlmisiniz,
qədəmləriniz mübarək olsun, burada olmaq qürur verir insana” deyə salamlayırdı
bizi. Üzünün cizgilərini seçə bilməsəm də, mənə elə gəldi ki, yanaqları sevincdən
allanıb. Hətta elə zənn etdim ki, gülüşü qulaqlarımı cingildədir. Bayrağın rəngi
hopmuş qızcığazın təbəssümü ovqatımı təzələdi. Qismən də olsa ağrılardan
silkindim bir az.
Xeyli
rahatlanmışdım. Çünki xarabalığın içindən boy atan Xocalı artıq pöhrə verib,
qol-qanad açıb. Şəhid qanı ilə daha da müqəddəsləşən torpaq göylərə baş çəkən binaların
təməlini möhkəmləndirir, dayanaqlılığını artırır nə yaxşı ki... Amma ağrılı
hicran şirin vüsala çevrilsə də, yaraların sağalması uzun illər zamanın
boğazından əl çəkməyəcək.
Şükür ki, Xocalı
ağrılardan qurtulub sabaha dikələn yola işıq tutmaqdadır. İşığın gur, yolun
çıraqban olsun, Xocalı!
...Tozlu-torpaqlı
yollardan keçib Xanın kəndinə yaxınlaşdıq. Bir zaman aylarla qonağı olduğum şəhəri
addım-addım dolandıq. Gur fəvvarəli parka – məşhur pianonun öz ifaçısını gözlədiyi
məkana enib, buz su ilə əllərimizi yuyub, sərinlik tapdıq. Dişgöynədən dağ suyu
əziz balası kimi dodaqlarımızdan öpdü. Çıraqban, əl-əlvan küçələrlə Qarabağ
Universitetinə tərəf irəlilədik. Bu günü gördüyümüz üçün qürurumuz köksümüzü
qabartdı. Beləcə, “Sərin” restoranında dostumuz Faiqin qonağı olduqdan sonra gilənarın,
qara tutun dadına baxıb qala şəhərə - Şuşaya tərəf yol aldıq.
...Ağa
körpüsü. Və ətrafda gedən tikinti-quruculuq işləri sabahımıza işıq tutur. Məhz
o işıq bütün dünyanın diqqətini Xankəndiyə yönəldib. Şəhərin mədəni, elmi,
siyasi mərkəzə çevriləcəyi şübhəsizdir.
İsa
bulağına enəndə azan səsi dərələrdə əks-səda verdi. İlahi, qüdrətinə şükür,
deyib fürsəti dəyərləndirdik. Buz suda dəstəmaz alıb ruhumuzu rahatladıq. Gur
meşə, ulas, vələs, ağcaqayın ağacları, mərsin, itburnu kolları, bir də günəşin
üzünü örtən əlçatmaz, boyubilinməz ağacların kölgəsində dincəldikdən sonra ana
yurda – Laçına üz tutduq. Məhəbbət Kazımovun səsi pəncərədən ətrafa yayılırdı.
Artıq niskil, kədər arxada qalmışdı. Avtomobil dolayı yollarla irəlilədikcə,
çiçəklərin ətri salona dolur, feyzyab edirdi hər birimizi.
Sərin hava
barıt deyil, çiçək qoxuyurdu. Quşların çikkiltisi yaşıl yarpaqların pıçıltısına
qarışıb ovsuna çevrilmişdi. Bir tərəf seyrək meşəlik, hündür qayalıq, digər tərəf
isə sıx orman və bir-birindən ətirli güllərin kök saldığı yamacdan ibarət idi. Əlçim-əlçim
pəmbə buludlar günəşin qarşısını kəsməyə tələsirdi sanki. Bəlkə də bizi
yandırıcı istidən qorumağa çalışırdı.
İlqar
sükanı sola burdu, avtomobil əsas yoldan çıxıb sıx meşəliyə girdi.
-Elə
burada dincimizi alaq, sonra davam edərik, - rəis dilləndi.
Hündür
ağaclar yola kölgə salmışdı. Sərinlik adamı özünə çəkirdi. Avtomobil meşənin dərinliyinə
doğru irəlilədikcə, ayrılığın acısı vücudumuzu tərk edir, yanaqlardan təbəssüm
bərq vururdu. Şırıltı nəğmə qoşurdu dərələrdə.
-Hə, bu da
Turşsu bulağı, - İlqar dilləndi.
Bulağın
başında 10-12 nəfər əyləşmişdi.
-Görəsən
çoxmu gözləyəcəyik, səhv etmirəmsə saat yarımdan bir qaynayır.
-Yox, gəlişimiz
şərəfinə bizi gözlətməz, axı xeyli yolumuz var. Cavabım hər kəsi ümidləndirdi.
Elə çeşmənin başına çatmışdıq ki, çoşub-çağladı. Sanki yerin təkində özünə yer
tapa bilməyib, nəfəsi daralıb, aydınlığa çıxmağa çalışırdı. Əl-üzümüzü yuyub
doyunca içdikdən sonra üstəlik qablarımızı da doldurduq.
Vaxt tamam
olan kimi su taqətdən düşüb borunun boğazına tıxandı. Bəlkə də gün işığından
qorxub çəkildi qınına. Min dərdin məlhəmi olan Turşsuyun 7 dəqiqəlik fəvvarəsini
görmək, doya-doya içmək üçün saat yarım deyil, günlərlə gözləməyə dəyər.
Füsunkar
meşənin cazibəsindən vəcdə gəlib bir ağız muğam oxuyan xanəndə kimidi Turşsu
bulağı. Möcüzəvi gözəlliyi ilə yoldan keçənləri heyran edən qəmzəli qız kimidi
bu şəfa qaynağı. Ətri ilə könülləri ovsunlayan çəmən çiçəyidir illərlə həsrətində
olduğumuz bu məlhəm çeşmə. Bu çeşmədən qidalanan oğul və qızların dəyəri, qiyməti,
elə, obaya bağlılığı, vətənpərvərliyi, dosta səxavəti, vəfası, qeyrəti ölçüyəgəlməzdir.
Çünki bu məlhəm su ölçü meyarıdır. Damarlarda axdıqca, keyfiyyəti cilalayır, dəyəri
artırır, vücudu sağlamlığa qovuşdurur.
Ayrıla
bilmirdik bulaq başından. Doyunca içsək də, doymamışdıq elə bil. Nə isə...
günümüzü şəkilləndirib yola varid olduq.
Bu da
Saxsı bulaq.
Bura hər kəsin
bəyəndiyi bir məkan - ən çox da pitisi ilə məşhur olan restoran idi. Gedəndə də,
gələndə də marşrutlar mütləq burada saxlayar, yeməklərin dadına baxmadan keçməzdilər.
Qarşısındakı buz su da dərdlərin məlhəmi idi. Hazırda restoranın əvvəlki görkəmindən
əsər-əlamət qalmasa da, bulaq həminki kimi çağlayır, gedənləri yolundan əyləyir.
...Ah, ulu
dağlar, ah, gur meşələr. Neçə illərdi üzünə həsrətik. Bu illər ərzində nə yelin
yanağımızı oxşayıb, nə küləyin telimizə sığal çəkib. Yeddiqatın yeddi qatından
keçən ağrılar boğazımızdan dərd kimi asılıb. Amma yaxşı ki, ümidimiz heç vaxt
öləziməyib. Dönəcəyimiz günə doğru inamla addımlamışıq. İnamımız və imanımız
bizi haqqa – torpaqlarımıza qovuşdurub.
Yeddiqatı
endikcə sanki qanadlanıb uçacaqdım. Bir qərinədən artıq zaman arxada qalmışdı.
Ağaclar yerində idi, başqaları da boy atmışdı ətrafda.
-Səhv
etmirəmsə 3-cü qata enəndə bir bulaq olmalıdır, daşların arasından çağlayır, - qeyri-ixtiyari
sualıma İlqar cavab verdi.
-Narahat
olma, o suyun da dadına baxacağıq.
...Rəis
dilləndi. O yuxarıda görünən yol hara gedir, təzə çəkilib deyəsən?
-Gedər-gəlməz
yoludur, rəis, - sanki cavabım hazırdı.
-Necə yəni
gedər-gəlməz?
-O yolu 44
günlük qələbədən sonra ermənilər üçün çəkdik ki, Laçına girmədən Xankəndi –
Gorus marşrutu ilə hərəkət edə bilsinlər. Onlar da çox məmnun halda təhlükəsiz
olduğunu zənn edərək istifadə etdilər. Daha düşünmədilər ki, Azərbaycan
ordusunun son əməliyyatı üçün geri dönüşü olmayan bir qapıdır o yol. Beləcə, o
gün o yolla getdilər, bir daha dönməmək şərti ilə.
-Doğrudan
da gedər-gəlməz yolu imiş. Rəis dodaqaltı daha nələrsə pıçıldadı ermənilərin qarasına...
Avtomobil
dolayı yollarla irəlilədikcə kəklikotunun, ümumiyyətlə havadan çiçəklərin ətri
duyulurdu. Sanki nəfəs almaq üçün burun kifayət eləmirdi. Ona görə də ağzımı
daha geniş açmaq, ciyərlərimi sərinlətmək istəyirdim. 30 il üzünə həsrət
qaldığımız təmiz havanın, büllur kimi saf suyun məlhəm olduğunu duyduqca,
quşların cəh-cəhindən yaranan həzin musiqini şərbət kimi içmək istəyirsən. İstəməsən
də ruha dolur, damarlara axır. Sərin meh telləri daraqladıqca, məmnunluq hissi
bütün vücudu sarır. Oğulluq hissi baş qaldırır. Bu yurdun oğluyam, - deyə fərəhlə
dolur qəlb.
Növbəti
döngə bizi Laçına çatdırır. İldən-ilə çiçəklənən Laçın dağın sinəsinə sərilmiş
xalını xatırladır. Kənardan baxanlar hətta çiçək topasına da bənzədir Laçını. Məskunlaşanların sayı artdıqca, qonaq-qara da
çoxalır. Dincəlmək, istirahət etmək istəyən hər kəs adı kimi vüqarlı Laçına -
buzlu bulaqlar, sıx meşələr, qıjhaqıjlı çaylar, şəlalələr qoynuna üz tutur.
Adicə göy çəmən üstə uzanıb yatmaq insanı qayğılardan, qəmdən-qəhərdən
arındırır. Hər bulaq min dərdə dərman, hər ot min xəstəliyə şəfadı axı...
Həkərinin
sahilində bir restoran var – adına Riversaid deyirlər. Adı dilimizə yatmasa da,
Laçın təravətli dadlı yeməkləri ilə tanınır. Axı Laçının havasında saf su ilə
bişirilir hər biri. Ona görə də toqqamızı bərkitmədən restoranı tərk edə bilmədik.
Həkəri
körpüsünü keçib Zabuxçay boyunca doğma kəndimizə - Quşçuya yol aldıq. Çayın
şırıltısı yol boyu bizi müşayiət edir, niskilli duyğulardan uzaqlaşdırmağa
çalışırdı sanki. Al-yaşıl, qaya sinəli dağların başında dolaşan şahinlər bənzərsiz
gözəlliyə rəng qatırdı. Ara-sıra eşidilən qartalların qıyı şırıltının ritmini dəyişməkdə,
ahəngi pozmaqda israrlı idi. Amma daşlara çırpılan su elə bir səs-küy yaradırdı
ki, hətta yük daşıyan ağır tonnajlı arabaların da səsi eşidilməz olurdu.
Günəş
qüruba endikcə, şəfəqlər çırmanıb üz tutur dağalara tərəf. Kəndlər bir-bir
geridə qalır. Qarşıda isə əsrlərdən bəri nəğməkar çayın şırıltısında feyzyab
olan Qarıqışlaq kəndidir. Yol yoldaşımızın biri də elə bu kənddəndir. Bol suyu,
sıx meşələri ilə tanınan bu kənd gəloxçu türk tayfasının sıx yaşadığı ən böyük
yaşayış məskənidir. Havası təmiz, bulaqları duru, torpağı münbit, barlı, bərəkətli...
Qarşıda isə
ana ocağım – ziyarətgahım, ibadətgahım, məbədgahım Quşçu kəndidir.
Qarıqışlaqdan altı kilometrlik məsafədə - dağların sinəsində yerləşir. Təxminən
650 ildən artıq yaşı olan Tək ağac (pir deyirlər adına) kəndin simvoluna
çevrilib. Qədim mağaralar (kahalar), tarixi abidələr, məzarlıqlar, kurqanlar,
at-qoç füqurları, bulaq abidələr, yazılı daşlar və yaşayış məskənlərinin
qalıqları kəndin ən qədim tarixə malik olduğuna əyani sübutdur. Ərazini qalalar
şəhərciyi də adlandırmaq olar. Bu kənd Quşan (kuşan) türk tayfasının nişanəsidir.
İtib-batmaqda olan Uşaq qalası (Kuşan qalası) da quşanların adını özündə
simvolizə edir.
O gecəni
alaçıqda qarşıladıq. Çayın şırıltısı və cırcıramaların cırıltısı bir-birinə
qarışıb axdı könlümüzə. Düzü, necə yuxuya getdiyimizdən xəbərimiz olmadı heç. Səhərin
gözü açılmamış Həşim kahası – Arıxyomalan – Moruq çəmən istiqamətində kəklikotu
axtarışında idim. Şeh ayaqlarımı yumuşdu yaxşıca. Torbanı doldurub alaçığa dönəndə
Ər təpənin kölgəsi çəkilmişdi yollardan. Biz də fürsət bilib Qızılqayadan keçən
yolla ora çıxdıq. Yaşıllığa bürünən Ər təpə yüksəklik olduğu üçün kəklikotu
yenicə baş qaldırmaqda idi. Amma güllərin ətri adamı məst eləyirdi. Aşağıda - yolun
altında sürü kürnəşə yığışmışdı. 3-4 alaçıq vardı. Çiynində səhəng bir qız su
daşıyırdı haradansa. Bir anlıq uşaqlığım – Quşçuda gömdüyüm xatirələrim yadıma
düşdü. Baldırğanın, piltanın, cacığın, kortunun, yemliyin, qatırquyruğunun,
zirinc yarpağının dadı burnumu qıcıqlandırdı. Uzunqulağın belində daşıdığım su
bedonlarının cingiltisi qulaqlarımı titrətdi. Kəhər atın ayağı büdrəyib
yıxıldığı zaman heç bir zədə almadan qurtulduğum o günlər gözlərim önündə
canlandı.
O günlər
geridə qalmışdı ta.
Kömür
saçlar ömrün məngənəsində sıxılıb bəyazlaşmışdı.
Zaman iti,
səbr qəti, sürət isə zəifləmişdi xeyli.
Çünki vaxt
yəhəri atmışdı belindən. Amma yəhərsiz, yüyənsiz ömür təngnəfəs olmaqda idi...
Geri dönərkən
Qızılqayadan daman, o nəhəng daşın bağrını çatladan buz sudan içməmək günah
olardı bəlkə də. Gələrkən bir tovuzlu balasına da yer vermişdik maşında. O da təbiətin
gözəlliyindən, Laçın sakinlərinin igidliyindən, mərdliyindən, buz bulaqların məlhəmindən,
şəfasından ağız dolusu danışırdı. Qısa zamanda yaxşı tanımışdı bu yerləri.
Bənzərsiz
gözəlliklərə heyranlıqla tamaşa edir, elə bil bu yerlərin ilk dəfə qonağı
olurduq. Amma yox, xatirələr beşiyi olduğu üçün gözümüzü ayıra bilmirdik bu gözəlliklərdən.
Hər daşında, qayasında, enişində, yoxuşunda acılı-şirinli bir həyat hekayəsi gizlənirdi.
O hekayələri vərəqləmək, yaddaşın süzgəcindən keçirmək sonu bəlli olmayan filmi
xatırladırdı. Filmin ssenari müəllifi də, rejissoru da, baş qəhrəmanı da özümüz
idik. Sonu qələbə ilə başa çatan 44 günlük müharibədən əvvəl yazmışdıq bu
ssenarini, yeniyetməliyin və gəncliyin diktəsi ilə...
...Obaşdan
tək-tənha yola düşdüm. Hovuzun yanından diklənib nəfəs dərmədən irəliləyir,
ara-bir geri boylanaraq ötən illərin iz saldığı acılardan qurtulmağa
çalışırdım. Həşim kahasının bərabərinə çatanda kəklikotunun ətri əylədi məni.
Bir neçə dəstə bağlayıb doya-doya qoxladım min illərin həsrətlisi kimi. Yolun kənarında
yenicə qından çıxmış almanın dadına baxmadan ötə bilməzdim. Onun qoxusu da başqa
idi. Dişlərim yaxşı hiss eləyirdi. Unutmamışdı o dadı.
Qalacığın boynundan kəndə aşan yolda kəklikotu
topası yenə salamladı məni. Demək olar ki, torbamı dolduracaq qədər bol idi.
Artıq kəndlə üzbəüz dayanmışdım. Ağ duman kəndin başı üzərinə elə çökmüşdü ki,
sanki ağ şal bağlamışdı başına. Mənə elə gəldi ki, saçları ağarıb kəndimin.
Dumanın köksündən qopan çiskin dumana qarışıb geri çəkilirdi yavaş-yavaş. Elə
bu an başım üzərində qartalın qıyını duydum, yuxudan ayıldım sanki. Hündür
boylu, sərt və şüllüt qayaların arası ilə kəndə doğru addımlayırdım. Talanmış,
yandırılmış ikimərtəbəli evlər sanki pişvazıma çıxmışdı.
-Xoş gəldin,
ay vəfasız, bizi düşmənin ixtiyarına necə buraxa bildin, etibarın bu qədər
idimi?!
Evlərdən
qopan bu səs getdikcə artır, vahimələndirirdi məni. Mənə elə gəldi ki, elə bu dəqiqə
yarıuçuq evlərin divarları axıb töküləcək üstümə, məni daş-qalaq edəcək. Heyrətdən
tutulmuşdu əl-ayağım...
Qartal
yenidən qıy vurdu, bəlkə də məni nəhayətsiz düşüncələrdən ayırmaq üçün yenidən
geri dönmüşdü.
İçimdən
bir səs qopdu, səs sözə çevrilib misralandıqca, köksümə hopan ağır yük pərvazlandı
elə bil.
Hələ də başı çənnidi
Sünbüllüdü, süsənnidi
Köksü rahatdı, nənnidi
Quşçu kəndi, Quşçu kəndi.
Qoç oğulların diyarı
Sədaqətdi mülkü, varı
Xiridarlar xiridarı
Quşçu kəndi, Quşçu kəndi.
İgidi coşqun, alovlu
Qibləgahı – Dəmirovlu
Bulaqları qoşa novlu
Quşçu kəndi, Quşçu kəndi.
Gərək çəkəm dünyaya car
Burda cənnət də bərqərar
Hər daşında min sirr yatar
Quşçu kəndi, Quşçu kəndi.
Heyrətamiz mənzərəsi
Hikməti şəhid nəfəsi
Yaranışın bünövrəsi
Quşçu kəndi, Quşçu kəndi.
Yamacı çiçək rəngidir
Yamaclar yeli ləngidir
Vallah Allahın lütfüdür
Quşçu kəndi, Quşçu kəndi.
Adam boyundan
hündür otların, kol-kosun bağrını yararaq kəndin mərkəzində - dəyərli həmkəndlim, dostum, qələmdaşım
Mübariz Laçındağlının (təəssüf ki, ana yurda qovuşmadan həyatla vidalamalı
oldu) bir zamanlar yaşadığı evin həyətində əsrlərin o üzündən nişanə qalan daş
kitabələrlə (işğal zamanı ermənilərin müdaxiləsi apaydın sezilir) görüşməli idim.
Üzərində qoç başı, rəqs edən qız, müxtəlif ornamentlər və alban hərfləri ilə
yazılmış uzun-uzadı cümlələr... Təəssüf ki, bu günə qədər heç bir tədqiqatçı tərəfindən
araşdırılmayıb. İllərin, əsrlərin gizli nişanələri heç kimə bəlli edilməyib.
Böyük
bulaq alban dövrünün ən qiymətli yadigarı kimi hələ də öz əzəmətini qoruyub
saxlayır. Təəssüflər olsun ki, ərəblərin dağıdıcı istilasından sonra təmirə
ehtiyacı olan abidənin yeni tarixi keçmişə kölgə saldı. Bu ən ağrılı məqam olsa
da, müasir tarixçiləri heç də narahat etmir.
Bulaq erməni
işğalı zamanı qismən uçulub-dağıldığı üçün kənd sakinləri tərəfindən təmir
edildi. Usta Habillə Əbülfəzin danılmaz zəhməti bulağı növbəti təhlükədən
sığortaladı. Hələ üstəlik bulağa ziyarətə gələnlər üçün sərinlik odası tiklidi.
Uçulmaqda olan, hətta su üzünə həsrət qalan Korca bulaq da təmir edilib əvvəlki
görkəminə qaytarıldı. Daş nov yenidən islana bildi.
Viranəyə
çevrilən evimiz sanki haray çəkirdi. Uçulmuş daşlar qan ağlayırdı. Əlimin
tumarı, isti nəfəsim ovuda bilmədi yanağımda islanan daşları. Barlı ağaclar nəvaziş
görmədiyi üçün qup-quru qurumuşdu xiffətdən. Yerində kol-kos, vəhşi meşə ağacları
boy atmışdı.
Böyük
bulaqdan doyunca içib torbamı çiynimə aşırdım. Quzeylə Qalacığa tərəf yön
aldım. Çiçəklərin ətri sanki ruhuma sarılıb əyləməyə çalışırdı. Ayaqlar altında
əzilən çiçəklərin harayı qulaq deşirdi elə bil. Az öncəki çiskinlikdən hələ də qurumayan
budaqlar islatmışdı üst-başımı. Beləcə, Qalacığın boynundan aşıb Çaxmaqlının
döşü ilə sola buruldum. Dərədə - Göyüşün bağı adlanan ərazidə alaçıqlar
görünürdü. İnəklərin böyürtüsü, quzuların mələrtisi cəh-cəhli təbiətin cazibədarlığına
rəng qatırdı. Hər yan yaşıl xalıya bürünmüşdü. Buralarda sürü otardığım, kəhər
çapdığım günlər məni uşaqlığıma qaytardı. Deyəsən nəmlənmişdi gözlərim. Sağ tərəfdə
- Naxırçı dərəsinə enən cığırda bir haluş ağacı vardı. Nədənsə, adına pir
deyirdilər. Kim onun yanından keçirdisə, mütləq bir daş atmalı idi dibinə. Neçə-neçə
yaşlı insanlardan onun kəramətini soruşmuşdum, ancaq “biz də belə eşitmişik”, -
deyib cavabdan yayınırdılar elə bil. Yəqin ağsaqqalların bildikləri bir şey
var, düşünürdüm. Yoxsa kor-koranə bu qədər daşı ağacın dibinə toplamaqda nə məna
var ki... İllər keçəndən sonra anlamışdım daş qalağının mahiyyətini. Qayalıqda,
həm də gündüşər yerdə bitən ağacın dibi qurumasın, nəm qalsın deyə daş qalağı ən
ağıllı və düşünülmüş tədbir idi. Yoxsa susuzluqdan bağrı çatlayan torpaq ağacın
inkişafına yardım edə bilməzdi. Bu da ağsaqqallar tərəfindən atılmış uğurlu bir
addım idi ki, hər kəs ağacın müqəddəs olduğunu zənn edib riayət eləsin.
Düşündükcə,
saflığımın aynasında məsum baxışlarımı gördüm. O, mən idim. Ağacın budaqlarına
tumar çəkir, duyğularımın hərarətindən ilğımlanan söz qatarının dalınca gülümsəyirdüm.
Kinin, küdurətin, ironiyanın, qəzəbin, nifrətin kök atmadığı qəlbimlə
yaşamışdım bu saf dağların köksündə. Şiş qayalardan əzəməti, dağlardan vüqarı,
yollardan təpəri, yellərdən cəsarəti öyrənmişdim. Bu yerlərin füsunkarlığı isə
mənə təb vermişdi düşüncələrimi ipə-sapa düzmək üçün. Bəlkə də bu Tanrının neməti
idi. Bəzən qədrini bildiyim, bəzən bilmədiyim nemət...
Düşüncələrin
ağuşunda Çaxmaqlıdan keçib kəndə çıxan yola endim. Ara-bir kəklikotudan,
dazıotudan dəstələyib torbaya pərçimləyirdim. Yolaşana çatanda (Zoraslıdan kəndə
dönən yol) arxadan bir maşının gəldiyini gördüm. Qeyri-ixtiyari ayaq saxladım.
Təbii ki, Quşçuya gedirdi. Sürücü əyləci basdı. Usta Habil atasını, ailəsini kəndə
aparırdı. Qabil müəllimlə baxışlarımız toqquşanda qəhərləndim. Çünki müəllimimin
gözlərindən qəlbləri titrədən niskil boylanırdı. Bəlkə də burada görüşməyimizin
ilahi ədalət olduğunu düşünüb qürurdan qəhərlənmişdi. Bəlkə də bu günə şükür
etdiyi üçün sevinc göz yaşlarına bələnmişdi.
Ayaqüstü
hal-xoş eləyib sağollaşdıq. Mən Gavın dərəsinə, onlar isə kəndə tərəf yol aldı.
Sıx kol-kosun arası ilə zahmanları enmək elə də asan deyildi. Əl-qolum,
üz-başım cızıq-cızıq olsa da, dərəyə enə bildim. Dərənin güney tərəfindən çəkilən
yol diqqətimi çəkdi. Bir il öncə buraları ziyarətə gələndə nə yol vardı, nə də
cığır. Xeyriyyəçi İsgəndərin umacaqsız zəhməti nəticəsində Nuhcan şəlaləsinə qədər
uzanırdı bu yol. Yorğunluğa baxmayaraq, şəlaləyə tərəf üz tutdum. Sıx ağacların
arası ilə bəzən daralan, bəzə də enlənən yol ümid çırağına, daha dəqiq desək
funikulyora bənzəyirdi. Zərbalı kahasının qarşısındakı kölgəlik dincəlmək, nəfəs
dərmək üçün rahat bir məkandır. Dərin dərənin, sıx meşənin bəxş etdiyi sərinlik
yandırıcı günəşdən qoruyur hər qonağını. Beləcə, mehdən titrəşən yarpaqların
pıçıltısı artdıqca, şəlalənin hıçqırtısı daha aydın eşidilir.
Bu da
Nuhcan şəlaləsi.
Elə yenicə
çatmışdım ki, azan səsi dərədə əks-səda verdi. Nuhcanın şırıltısında dəstəmaz
almaq necə də qürurlu idi, İlahi...
Buz
sularla bir xeyli dərdləşdikdən sonra torbamı çiynimə aşırdım. Ayrılmaq elə də
asan deyildi. Çünki şaqraqlıq təbimi titrətməkdə idi. Yaxşı ki, misraları ipə-sapa
düzməkdə telefonun kövrək düymələri dadıma çatdı.
Laylası
çiçək bitirər
Nəğməsi
mürgü gətirər
Duamı
haqqa yetirər
Sədası
Nuhcanımızın.
Şahiddi
Gavın dərəsi
Səsi
ruhun mərtəbəsi
Dərdə
məlhəmdi nərəsi
Şəfası
Nuhcanımızın.
O
Quşçudan ilham alır
Şaqraqlığı
ilmə çalır
Kim
görərsə ovsunlanır
Davası
Nuhcanımızın.
Min
illərin yadigarı
Saf
eşqimin ilk nübarı
Ruhumuzun
bayraqdarı
Nəvası
Nuhcanımızın.
Kim
görərsə qaynar qanı
Unudammaz
ötən anı
Şırıltısı
sübh azanı
Səfası
Nuhcanımızın.
***
...Minkəndin
mənzərəli, səfalı yerlərini gəzmək üçün sanki hər kəs məni gözləyirmiş.
Toqqamızı bərkitdikdən sonra yola düşdük. Yenicə qonağımız olmuş İlqarın dostu
da bizimlə birgə idi. Qarşıdakı yollar daha eniş-yoxuşlu olduğu üçün razılaşdıq
ki, onun maşınında gedək.
Fatiq (əslində
Fateh) bulağına çatanda böyük bir canlanma vardı. Müxtəlif bölgələrdən gələn
qonaqlar təbiətin möcüzəsinə heyranlıqla tamaşa edirdi. Dağın sinəsindən
çağlayan şəlalələr dərəyə nəğmə qoşmaqda idi. İnsanların səsi şırıltıya qarışıb
yox olurdu. Sərt və məğrur qayalar bənzərsiz təbiətin əzəmətini daha da
artırırdı. Quşların cəh-cəhi qıjıltıda əriyir, qartalın qıyı eşidilməz olurdu.
Təbiət gülürdü hər gələn qonağın üzünə. Arıların vızıltısı qulaq batırmırdı ta,
çünki şəlalənin, çayın şaqraq zənguləsi qəlblərə diktə edirdi.
Hər damlası dizə təpər, gözə nur
Hər damlası ruh ovsunu, şəfadı.
Hər damlası cəsarətdən don biçir
Hər damlası etibardı, vəfadı.
Hər damlası min dərd üçün bir təbib
Hər damlası qeyrət mücəssiməsi,
Hər damlası bir bəstəsiz nəğmədi
Hər damlası ulu Haqqın töhfəsi.
Gen dərələr, uca dağlar güc alır
Şırıltısı muğamatdı bəlkə də.
Hər damlası cavanlığın iksiri
Baş lazımdır hikmətini dərk edə.
Sərt qayalar qartalların yuvası
Qoç ərənlər nemətidi bu yurdun.
Torpaq loğman, hava məlhəm, su təbib
Ulu Tanrım, bunları sən buyurdun.
Hər damlası çiçəklərin ətrinə
Meyil salıb, nur çiləyib, bələnib.
Hər damlası ulu yurdun xətrinə
Ulu Haqqın ürəyindən ələnib.
Füsunkarsan, valeh olur hər gələn
Cazibəni görən düşür heyrətə.
Nə sirri-xudadı, nə möcüzədi –
Layiq görülmüşük səntək sərvətə.
Ey Fateh bulağı, sən ömür nəşəm
Köksümdə ürəksən, damarımda qan.
Ey Fateh bulağı, nazlı güleyşəm
Şükür ki, qovuşdu sənə Ötərxan.
Hər tərəf
baldırğanlıq idi. Fürsəti fövtə vermək olmazdı. Bilək qədər yoğun, bir qarış qədər
boyu olan baldırğan yüz dərdin dərmanı olsa da, vücudundakı su damcıları ona əl
üzadanın əlini, dil uzadanın dilini təbibə ehtiyacı olmayan yaraya bələyir. Bəlkə
də bu su damcıları onun özünümüdafiə instiktidir. Bəlkə də insan bədənində olan
bir çox xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. Bəlkə də hə, bəlkə də yox.
Fərqinə varmadan xeyli doğrayıb dadına baxdım, açıq qollarım üstə dəstələyib geri
döndüm. Hər kəs bəh-bəhlə, iştahla yeyirdi.
-Bu
qısaqol köynək başına oyun açacaq, ay Ötərxan, - İlqar dilləndi.
-Narahat
olma, baldırğana öyrəncəklidir qollarım.
-Mən
sözümü dedim, vaxtında çarə qıl.
-Dərmanı
varmı ki, çarə də qılım?
Beləcə,
baldırğanın dadına baxdıqdan sonra geri döndük. Minkənd körpüsünün həndəvərindəki
dar yoldan keçərkən uçurumun sinəsindən bir topa kəklikotu boylanırdı bizə tərəf.
Sanki gəl-gəl deyirdi. Ötüb-keçmək olmazdı. Avtomobili saxlatdırıb özümü ona
yetirmişdim ki, qarşı maşının sürücüsü məni qabaqladı.
-Sizin
qismətiniz imiş, buyurun qardaş, deyib geri döndüm. O da insafən ədalətli adam
idi. Bizi yolumuzdan əyləyib kəklikotu topasını iki yerə böldü. Hər ikimizin
qismətidir, yoxsa mənim üçün haram olar. Beləcə, halallaşıb İstisuya endik.
Əl-üzümüzü yuyub məlhəm sudan doyunca içdikdən sonra qablarımızı da doldurduq.
Kəklikotunun
qoxusu salona dolmuşdu. İştahverici bir ətri vardı. Bəlkə də bu növə ilk dəfə
rast gəlirdim. Hər kəs heyranlıqla salondakı ətri ciyərlərinə çəkməyə
çalışırdı.
***
...Çayın
sahilində böyük bir bağ vardı. Gilası, alması, armudu, tutu, qozu ilə məşhur
olan bağ demək olar ki, meyvəsi ilə kəndi tam təmin etmək gücündə idi bir
zamanlar. Qarı düşmənin caynağına keçdikdən sonra isə kəsildi, doğrandı,
yandırıldı. Boş çöllüyə çevrilən ərazi bu gün zəhmətkeş oğulların sayəsində əkilib
becərilməkdədir. Kartof, soğan, kələm, sarımsaq, turp, kök və s. bitkilərin
yetişdirilməsi xeyriyyəçi kimi tanınan Eldənizlə İsgəndərin zəhmətinin bəhrəsidir.
Təbii yollarla yetişdirilən tərəvəzlər süfrələrə ayaq açdıqdan sonra ağızların
dadı da dəyişib. Burada Elsevərin də zəhməti var, - deyə düşündüm. Qanlı-qadalı
illərin ağrısı gizildətdi vücudumu. Çünki vətənpərvərliyi ilə örnək olan Elsevər
hər iki savaşın (1-ci və 2-ci Vətən müharibəsinin (Qarabağ savaşının))
iştirakçısı olmaqla, hər bir döyüşü ilə Azərbaycan hərb tarixinə imza atan
oğullarından olub. Belə bir oğulla görüşmək, şərəfli qələbə tarixini təkrar-təkrar
vərəqləmək qürur deyilmi?!
Çayın
şırıltısı fikirlərimə rəng qatmaqda idi.
Yeni-yeni
şəkillər çəkmək üçün telefonun yaddaşını yükdən boşaldırdım ki, İsraillə İran
arasında müharibənin başlandığı xəbərini aldım. Qızğın döyüşdə İranın bir neçə
generalı məhv edilmiş, strateji obyektləri vurulmuşdu. Qarşılıqlı hava
hücumunda hər iki tərəfdən xeyli itki vardı. Ədalət zəfər çalsın, Haqq yerini
bulsun, demək istəyirdim ki, Elsevəri qarşımda gördüm. Ayaqüstü söhbətlər uzun
çəkməsə də, bir çox məsələlərdən hali etdik bir-birimizi.
Yurd azad
olan gündən Moruq çəmən Elsevərin obasına çevrilib. 400 metrlikdə qaynayan Bəylər
bulağını borularla çəkib gətirib alaçığın yanına. Obaşdan elə həmin bulağın
yanında yenidən görüşdük. Buz su ilə gözlərimizə sığal çəkdik. Arıların
vızıltısında çiçəklərin ətrini duyduq. Kəndimizin ağbirçəyi Mərziyə nənə də övladları
ilə birgə Elsevərin qonağı idi.
Ötən günlərdən,
xoş xatirələrdən söz açıb əhvalımızı yüngülləşdirdikdən sonra özümü vurdum
baldırğanlığa. Hətta Mərziyə nənə ilə birlikdə dadına baxdıq.
..Rasim
tor atmışdı o səhər. Hər birinin çəkisi təxminən 250 qram olan 4 qızılbalıq
düşmüşdü tora. Buna da şükür, deyib çəkmişdim şişə. Bənzərsiz dadı vardı. Hiss
etdim ki, uzun illərin ayrılığı bu dadı bizə unutdurmağa çalışsa da,
bacarmamışdı.
...Mirikdəki
turşsudan qablarımızı doldurub geri dönən gün Qaraxangörükənə, Əysiyala,
Xınalığa baş çəkdikdən sonra Dəvəboynu dağının sinəsində köç salan qarıqışlaqlı
Şakir kişinin kətə süfrəsinə qonaq olduq. Qaymaqlı gicitkən kətəsi həm də ona
görə dadlı idi ki, sacda bişirdi. Yenicə hazırlanmış nehrə yağı kətənin hərarətində
əriyib yox olduqca dadı bir o qədər də artırdı. Ocağın qoxusu da bir yandan ləzzət
verirdi gicitkən kətəsinə.
O gün vaxt
tapıb yemliyin, şoşanın, cacığın dadına baxa bilsəm də, piltandan soraq tuta
bilmədim təəssüf ki...
...Artıq Həkəri
körpüsünü keçib Laçına doğru irəliləyirdik. Zamanın hər anını yaddaşa köçürmək
üçün telefonun obyektivi müntəzir idi. Bir daha günümüzü şəkilləndirib Şuşa
istiqamətində yol aldıq. Sürücü qardaşımız “Turşsu ilə sağollaşmadan ötə bilmərik”,
- deyib yenə yoldan buruldu. Bu dəfə Aşağı Turşsuyun qonağı olduq.
Qarşıda
uzun-uzadı yolumuz vardı. Şirin söhbətlərin fonunda qurduğumuz pilləkən bizi mənzil
başına rahat çatdıracaqdı.
Gördüklərimi
tamamən göz yaddaşıma köçürmüşdüm. Uzun-uzadı ayrılığın acısını silmək üçün dadıma
çatsın deyə.
0 Yorumlar