Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir. Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Əlavə edək ki, bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, dövlətin əsaslarını sarsıdan 5-ci kolonun dövlət içində gizlənmiş bütün nümayəndələrinin tapılıb məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilən əməliyyatları yüksək qiymətləndirir. AVMVİB-in rəhbərliyi, dövlətin və xalqın maraqlarına qarşı hər hansı bir fəaliyyətin mütləq şəkildə cəzalandırılmalı olduğunu və bu istiqamətdə görülən tədbirlərin vacib əhəmiyyət daşıdığını vurğulayır.

Hazırda xəstəxanada müalicə alan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev isə bu barədə danışarkən qeyd etmişdir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə yarandığı gündən etibarən həm Ümummilli Liderimizin, həm də onun layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının sadiq əsgərləri olmuş və bu yolda sədaqət göstərərək həmişə yanında olmuşdur. “Bizim üçün ən vacib dəyər və missiya dövlətimizin və xalqımızın maraqlarını qorumaqdır. Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyi bizim üçün ən ali vəzifədir. Bizim təşkilatımız həmişə Ali Baş Komandanımızın yanında olmuş, bundan sonra da olacaq və ona dəstəyini əsirgəməyəcəkdir”, – deyə Füzuli Rzaquliyev bildirib.

AVMVİB-in sədrinin Birinci müavini Vahid Abdurəhmanov isə təşkilatın rəsmi saytına verdiyi açıqlamada dövlətə xəyanətin heç bir bağışlanmazlıqla qarşılanmalı olduğuna diqqət çəkib. “Dövlətə xəyanət, bir xalqın təhlükəsizliyinə qarşı törədilmiş ən böyük cinayətdir. Belə bir əməlin əfv edilməsi mümkün deyil və bu cür halların cəmiyyətdə ciddi şəkildə cəzalandırılması vacibdir. Hər bir dövlətə xidmət edən şəxs və təşkilat, müstəqilliyimizi və ərazi bütövlüyümüzü hər zaman qorumağa borcludur”, – deyə Vahid Abdurəhmanov qeyd edib.

AVMVİB-in Mətbuat xidməti