Vətən müharibəsi müstəqil Azərbaycanın Şanlı Zəfər tarixidir. 44 gündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid hərbiçilərimiz Azərbaycanın 30 il həsrətində qaldığı əraziləri - Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Suqovuşan və Şuşanı erməni işğalından azad etdi. 

Vətənin qəhrəmanlıq və şücaət göstərən cəsur oğullarından biri də hərbiçi Ceyhun Məmmədovdur. Onun şərəfli ömür yolu gənc nəslə nümunədir. Ceyhun İslam oğlu Məmmədov 1982-ci il yanvarın 26-da Bakı şəhərində anadan olub. 1989-cu ildə Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin I sinfinə gedib. 1996-cı ildə VIII sinfi bitirib, Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub. O, 1996-1999-cu illərdə hərbi məktəbdə təhsil alıb. Sonradan təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib.            

O,2003-cu ildə həmin məktəbi xüsusi təyinatlı kəşfiyyat ixtisası üzrə bitirərək, leytenant hərbi rütbəsi alır. Daha sonra Ceyhun Məmmədov Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində zabit ixtisası kursuna göndərilir. 2004-cu ildə kursu başa vurub, öz ixtisasına uyğun olaraq Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmətə başlayır. Hərbi xidmət muddətində Quru Qoşunların müxtəlif xüsusi təyinatlı kəşfiyyat və kəşfiyyat ixtisaslı hərbi hissələrində xidmətə başlayır. Ən əsası o, bir hərbiçi kimi Azərbaycan Ordusunda şərəfli yol keçir.  

2020-ci il sentyabrın 26-də Vətən müharibəsi başlayanda hərbiçi Ceyhun Məmmədov ön sırada dayanır. O, Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsinin tərkibində döyüş tapşırıqlarının icrasını yerinə yetirərək, torpaqlarımızı düşməndən qoruyur. Onun ən böyük arzusu müharibədə düşmənə layiqli cavab verib, susdurmaq idi. Təbii ki, müharibənin də öz qayda-qanunları vardır. Belə ki, Ceyhun Məmmədovun Qubadlı rayonunun Balasoltanlı kəndi uğrunda döyüşlərdə hərbiçi yoldaşı İlyas Əhmədov şəhid olur. Dostunu itirmək onun qəlbini ağrıdır. O, bu qisası nankor düşmənlərdən alaraq, onların texnikasını və canlı qüvvəsini məhv edir.

Məlumdur ki, 44 gün ərzində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Şuşa şəhərinin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatı ilə şəhərə daxil olması hərb tariximizə qızıl hərflərlə yazılıb.  Bəli, cəsur Vətən oğullarındən biri kimi o da əsl kişi kimi döyüşərək, düşməni məhv edir. O zaman azad olan torpaqlarda üç rəngli bayrağımızı dalğalandırmaq isə böyük igidlik tələb edirdi.             

Ceyhun Məmmədovun 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolu nə yazıya, nə kitaba belə sığmaz. Qəlbində saxladığı xatirələrdən söz düşəndə ermənilərin necə qorxaq olduqlarını gözləri ilə gördüyünü deyir. O, mənfur ermənilərin Müzəffər Azərbaycan Ordusunun əsgərləri ilə döyüşəndə qorxudan silahını yerə qoyaraq qaçmasına da şahid olub. Yaddaşında o günlərlə bağlı xatirələr çoxdur. Xüsusən, düşmən tapdağından azad olan torpaqlarda təbiət gözəlliklərinə, saf havasına valeh olduğunu unutmayıb. 

İgid və qəhrəman hərbiçimiz Ceyhun Məmmədov deyir ki, onunla səngərdə olan döyüş yoldaşları hərəsi bir qəhrəman idi. Həqiqətən də, dişləri ilə düşməni parçalayan, sinəsini güllələrə sipər edən bu oğullar Vətən yolunda, torpaq yolunda şəhid və ya qazi olublar!             

44 günlük müharibədə Qubadlının Balasoltanlı kəndi onun yaddaşından silinməyib. Ceyhun Məmmədov bu kəndin düşməndən azad olunmasında igidliklər göstərərək, bayrağımızı uca zirvəyə sancıb.         

2020-ci il oktyabrın 6-da Cəbrayıl uğrunda ağır döyüşlər başlayanda o güllə yarası alır. Həkimlər Ceyhun Məmmədova ilk tibbi yardımı vaxt itirmədən səngərdə göstərirlər. Qəhrəman hərbiçi isə səhhətini unudaraq düşünürdü ki, irəlidə düşməni məhv etmək, yeni döyüşlərə hazır olmaq lazımdı. Çünki getdikcə düşmənin gücü tükəndiyindən, geriyə çəkilir. Oktyabrıın 11-də Qubadlının kəndləri uğrunda həlledici döyüşlər zamanı Ceyhun Məmmədov dostu Azər Məmmədovun şəhid olması xəbərini eşidir. Hələ qarşıda hərbi strategiya ilə seçilən, həlledici rola malik olan Şuşa uğrunda döyüşlər dayanırdı. O, düşünürdü ki, son nəfəsinə qədər dostunun, şəhidlərin qisasını almaq üçün döyüşəcək.        

Vətən müharibəsində xalqımızın Azərbaycan Ordusunun qələbəsinə inamı da böyük idi. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə nəzarəti ələ keçirməsi Böyük Zəfər Qələbəmiz oldu. Ceyhun Məmmədov noyabrın 6-da ağır döyüşlər zamanı ayağından, qolundan və sinəsindən güllə yarası alir. O, Şuşanın işğaldan azad olunması xəbərini isə Bakıda müalicə aldığı xəstəxanada eşidir.    

 2020-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən hərbi qulluqçu Ceyhun Məmmədov "Qarabağ” ordeni, eləcə də "Cəbrayılin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanin azad olunmasına görə", "Hadrut qəsəbəsininin azad olunmasına görə" və "Şuşa şəhərinin azad olunmasına görə" medalları ilə də təltif olunur. İndi Zəfər Qələbəmizdən beş il ötür. Bu gün Ceyhun Məmmədovun ailəsində tərbiyə alan böyük qızı Nuray Məmmədzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, kiçik qızı Aişə Məmmədzadə isə Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin VIII sinfində təhsil alır. Bu övladlar Vətən müharibəsində tarix yazan qəhrəman ata ilə fəxr edirlər. Vətən müharibəsində igid və qəhrəman oğullarımızın qəhrəmanlığı sayəsində Böyük Qələbəni qazandıq. Unutmayaq ki, Ceyhun Məmmədov II qrup əlilliyi ilə bərabər, Vətənə xidmət etməyə hazır olan ehtiyatdakı hərbiçidir. Qeyd edək ki, ailəsində kiçik qardaşı Cabir Məmmədov da hərbicidir, zabit kimi Azərbaycan Ordusunda xidmət edir.    

Bəli, Azərbaycan xalqı xoşbəxtdir ki, cəsur, Vətənini sevən qəhrəman oğulları vardır! Biz, Vətən müharibəsində düşməni məhv edən, sərhədlərimizi şərəflə qoruyan və qazi olan hərbiçi Ceyhun Məmmədovla da qürur duyuruq! Tanrı Sizi qorusun!

Təranə CƏBİYEVA